2026-cı ilin ilk doqquz ayında həm daxili, həm də xarici dövlət borcunda azalma qeydə alınıb.

Sizinxeber.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Azərbaycanın ümumi dövlət borcu 2026-cı ilin ilk doqquz ayında 2 milyard 91.3 milyon manat və ya 8 faiz azalaraq oktyabrın 1-nə 23 milyard 896.3 milyon manat təşkil edib:

"Oktyabrın 1-nə ölkənin ümumi dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 17.3 faiz olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 2.8 faiz bəndi azalıb. Ümumi dövlət borcunun 7 milyard 666.2 milyon manatı və ya 32.1 faizi xarici, 16 milyard 230.1 milyon manatı və ya 67.9 faizi isə daxili dövlət borcunun payına düşüb. Xarici dövlət borcunun məbləği 4 milyard 509.5 milyon ABŞ dolları ekvivalentində olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 304 milyon dollar (516.8 milyon manat) və ya 6.3 faiz azalıb".

"Xarici dövlət borcunun hesablanmasında beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş vəsaitlər üzrə öhdəliklər nəzərə alınıb.

Xarici dövlət borcunun ÜDM-ə nisbəti də ilin əvvəli ilə müqayisədə 0.7 faiz bəndi azalıb.

Daxili dövlət borcu isə 2026-cı ilin əvvəlindən oktyabrın 1-dək 1 milyard 574.4 milyon manat və ya 8.8 faiz azalaraq, 16 milyard 230.1 milyon manata düşüb. Daxili borcun ÜDM-ə nisbəti bu müddətdə 2 faiz bəndi azalıb. Daxili dövlət qiymətli kağızlarının müddət strukturuna gəldikdə, onların 56 faizi iki ildən beş ilədək, 44 faizi isə beş il və daha artıq müddətə buraxılmış qiymətli kağızların payına düşüb.

Beləliklə, ilin ilk doqquz ayında dövlət borcunun azalması həm daxili, həm də xarici borc öhdəlikləri üzrə müşahidə olunub. Bununla yanaşı, ümumi borcun təxminən üçdəikisi daxili dövlət borcundan ibarət olub", - deyə nazir vurğulayıb.