Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Noyabrın 5-i günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, noyabrın 5-i axşam, 6-sı gecə isə yağıntıların bir qədər güclənəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 9-u axşamadək davam edəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi gözlənilir.