Əjdər Cəfərov: "Beynəlxalq yarışlarda daha çox yerli badmintonçu ilə təmsil olunmaq niyyətdəyik"
Azərbaycan Badminton Federasiyası (ABF) beynəlxalq səviyyəli yarışlarda tədricən daha çox yerli idmançı ilə təmsil olunmaq niyyətindədir.
Bunu "Sizinxeber.az"a açıqlamasında qurumun baş katibi Əjdər Cəfərov deyib.
ABF rəsmisi uşaq badmintonuna daha çox diqqət ayırmalı olduqlarını bildirib:
"Yerli kadrların inkişafı, bizim üçü vacib aspektlərdən biridir. Beynəlxalq səviyyəli yarışlarda tədricən daha çox yerli badmintonçu ilə təmsil olunmaq niyyətdəyik və bu baxımdan uşaq bamdintonuna daha çox diqqət ayırmalıyıq. Təbii ki, güclü, rəqabətədavamlı, gələcəkdə beynəlxalq yarışlarda nəticə verə biləcək badmintonçuların yetişməsi üçün məşqçilərimizin də bu sahədə daha da inkişaf etməsi, bilik və bacarıqlarını təkmilləşdirməsi, öz üzərlərində işləməsi əsas şərtlərdəndir".
O, təcrübənin vacibliyini vurğulayıb:
"Uşaq, yeniyetmə və gənc badmintonçularımızın il ərzində bir neçə beynəlxalq turnirdə iştirakı planlaşdırılır. Eyni zamanda, məşqçi və hakimlərimizin beynəlxalq təcrübə toplaması üçün ölkə xaricinə təlimlərə göndərilməsi nəzərdə tutulur. Bu məqsədlə son olaraq apreldə Tbilisi şəhərində təşkil olunan "Level 1" məşqçilik kursunda 3 məşqçimiz müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçi, millinin baş məşqçisi Morteza Validarvinin keçdiyi təlimdə iştirak ediblər. Bundan əlavə, ölkəmizdə Dünya Badminton Federasiyasının yüksək kateqoriyalı mütəxəssisləri tərəfindən yerli məşqçilər üçün seminarların təşkili də planlarımıza daxildir".
Baş katib federasiyanın son 5 aydakı fəaliyyətinə toxunub:
"Son 5 ayda bir sıra istiqamətlər üzrə fəaliyyətimiz olub. Fevralda Azərbaycan Texniki Universitenin İdman Sarayında keçirilən "Azerbaijan International 2026" beynəlxalq turnirinə uğurla ev sahibliyi etdik. Yarış iştirakçıları təşkilatçılıq və turnirin ümumi səviyyəsindən razı qaldılar. Bu yarışda ev sahibi olduğumuzdan yeniyetmə badmintonçularımızın da beynəlxalq təcrübə toplaması baxımından iştirakını məqsədəuyğun hesab etdik. Millinin əsas üzvlərindən Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra zədəli olduğundan turnirdə iştirak edə bilmədilər. Ümumilikdə yeniyetmə bamdintonçularımızın təcrübə toplaması baxımından bizim üçün faydalı turnir oldu. Həmçinin bu cür beynəlxalq turnirlər badmintonun kütləviliyi baxımından da əhəmiyyətli sayıla bilər".
Federasiya rəsmisi Azərbaycan badmintonu üçün mühüm hadisə kimi federasiya prezidenti Taleh Ziyadovun Avropa Badminton Konfederasiyasının (BEC) İdarə Heyətinə (2026–2030) üzv seçilməsini göstərib:
"Taleh müəllim həmçinin 2025-ci ildən Dünya Badminton Federasiyasının (BWF) da Şura üzvüdür. Onun Dünya Badminton Federasiyası, həm də Avropa Bamdinton Konfederasiyasında yüksək vəzifədə təmsil olunması ölkə badmintonu üçün yeni inkişaf perspektivləri açır. Bundan əlavə, cari ildən başlayaraq yenidən ölkəmizin müxtəlif regionlarında "Shuttle Time" proqramının icrasına start vermişik. Bu proqram kütləvilik baxımından unikal layihədir. Cari ildən başlayaraq Gəncə, Lənkəran, Şirvan və Balakəndə tətbiq olunan layihə çərçivəsində onlarla məktəbli və idman müəllimi badmintonun təməl qaydaları ilə tanış olub, bu idman növünün nəzəri və praktik biliklərinə yiyələniblər. Mayda Quba Olimpiya İdman Kompleksində 15 yaşadək badmintonçular arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirildi. Ölkəmizdə badmintonun coğrafiyasını genişləndirmək məqsədilə mütəmadi olaraq müxtəlif regionlarımızda idman yarışlarının və tədbirlərin keçirilməsi bizim üçün prioritet məsələdir".
O, təşkil edəcəkləri digər yarışların da siyahısını açıqlayıb:
"Qarşıdakı günlərdə Gəncə və Şamaxı şəhərlərində badminton tədbirlərimiz təşkil olunacaq. Avqustun 13-16-da Quba Olimpiya Kompleksində "Azerbaijan Junior Open 2026" beynəlxalq turniri keçiriləcək. Dekabrda isə Bakıda reytinq xarakterli böyüklərin "Caspian Cup" beynəlxalq turnirinə ev sahibliyi edəcəyik. Bundan əlavə, açıq havada oynanılan Airbadminton və həvəskar badmintonla bağlı planlarımız var. İlin sonunadək təxminən 50-yə yaxın badminton tədbirinin keçirilməsi nəzərdə tutulur".
Ə.Cəfərov Azərbaycan Paralimpiya Komitəsi və Azərbaycan Xüsusi Olimpiya Komitəsi ilə geniş əlaqələrinin olduğunu sözlərinə əlavə edib:
"Apreldə Azərbaycan Paralimpiya Komitəsi ilə birgə "Parabadminton günü" keçirdik. Əlilliyi olan yeniyetmə və gənclər üçün təşkil olunan tədbirdə iştirakçılar ilk dəfə parabadminton idman növü ilə tanış oldular və oyun prinsipləri ilə bağlı nəzəri biliklər əldə etdilər. Daha sonra məşqçilərimizin rəhbərliyi ilə praktiki məşqlərdə iştirak edərək parabadmintonu sınaqdan keçirmək imkanı qazandılar. Daha öncə Dünya Badminton Federasiyasının parabadminton üzrə texniki seminarı Bakıda baş tutub. Seminar müddətində Avropanın 15 ölkəsindən 55-ə yaxın nümayəndə, o cümlədən parabadmintonçular və bu idman növü üzrə mütəxəssislər nəzəri və praktik sessiyalarda iştirak ediblər. Bizim hazırda parabadminton üzrə beynəlxalq yarışlarda iştirak təcrübəsi və nəticələri olan milli komandamız formalaşıb. Ümid edirik ki, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarında ölkə idmanı tarixində ilk dəfə parabadmintonda da təmsil olunmaq şansı qazanacağıq".
ABF autizmli və daun sindromlu uşaqlar üçün də davamlı badminton məşqləri təşkil edir:
"Məşqlər noyabrın 18-22-də Milli Gimnastika Arenasında daun sindromlu uşaqlar arasında keçiriləcək Xüsusi Olimpiya Avropa Badminton Turnirinə hazırlıq məqsədi daşıyır. Məqsədimiz badmintonu hamı üçün əlçatan idman növünə çevirməkdir. Həmçinin cari ilin martında Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birlikdə yetkinlik yaşına çatmayanlar arasında "İdman Həyatdır" devizi altında badminton yarışı təşkil olundu".
Oxşar xəbərlər
AVF rəsmisi: Avropa Voleybol Konfederasiyasında təmsil olunmaq şərəfdir
AQİNF rəsmisi: "Azərbaycanda daha böyük turnirlərin keçirilməsi üçün müraciət edəcəyik"
Beynəlxalq turnirdə ən yaxşı hakim seçilən azərbaycanlı: “Bu mükafat mənim üçün böyük fəxrdir”
"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" artıq beynəlxalq yarışlarda öz sözünü deyib
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
-
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
