Nazir: Kitabxana işi sahəsində BDU-nun kadr hazırlığı çox önəmli fəaliyyətdir - FOTO
Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılış mərasimi olub.
APA xəbər verir ki, açılış mərasimində BDU rektoru Elçin Babayev, mədəniyyət naziri Adil Kərimli, nazir müavini Fərid Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Milli Məclisin deputatları, BDU-nun professor-müəllim heyəti iştirak edib.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli deyib ki, Bakı Dövlət Universitetinin və Azərbaycan Milli Kitabxanasının qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihə elm, təhsil, mədəniyyət sahələri üçün çox önəmlidir:
"Bu gün hər birimiz üçün doğma olan, təhsilimizin flaqmanı kimi çıxış edən Bakı Dövlət Universitetində vacib bir günü qeyd edirik. Mədəniyyət Nazirliyi olaraq elmin, təhsilin inkişafı bizim prioritet sahələrimizdən biridir. Ona görə də bu sahələrə dəstək verilməsi üçün ciddi işlər aparılır. Biz bu gün gördük ki, böyük bir tarixə malik Bakı Dövlət Universiteti forma baxımından müasir çalarlar əldə edib. Bakı Dövlət Universiteti 100 ildən çoxdur, fəaliyyət göstərərək Azərbaycan elminə, mədəniyyətinə böyük töhfələr verib. Bu universitetdə elmi tədqiqatlar, təhsil üçün çox möhtəşəm şərait yaradılıb və düşünürəm ki, dünya universitetləri arasında xüsusi yer almaqdadır".
Layihə barədə danışan nazir qeyd edib ki, bu, universitetə daha yaxından dəstək verilməsi məqsədilə bu icra edilib:
"Kitabxana işi sahəsində həyata keçirilən genişmiqyaslı layihələr, islahatlar çərçivəsində, xüsusilə, BDU tərəfindən kadr hazırlığı çox önəmli fəaliyyətdir. Düşünürəm, bu çərçivədə də bizim əməkdaşlığımız, fəaliyyətimiz qarşılıqlı əməkdaşlığımız çox geniş istiqamətlərdə davam edəcək. Bu gün hər birimiz çox fəxrlə, qürurla bu mənzərənin şahidi oluruq. Tələbələrimiz və elmimiz üçün bu layihələr faydalı olacaq".
Sonda Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Milli Kitabxanası (AMK) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Memorandumu BDU-nun rektoru Elçin Babayev və Azərbaycan Milli Kitabxanasınn direktoru Kərim Tahirov imzalayıb.
Memoranduma əsasən, BDU və Milli Kitabxana arasında rəqəmsal informasiya resurslarının inteqrasiyası, elektron resurs mübadiləsinin təşkili, rəqəmsal kitabxana xidmətlərinin birləşdirilməsi və genişləndirilməsi, Kitabxananın elektron arxivlərinə Universitetin təhsilalan və tədqiqatçılarının xüsusi prioritetlə çıxışının təmin edilməsi nəzərdə tutulur. Tərəflər Azərbaycan elmi, tarixi, mədəni irsi ilə bağlı mövzularda ortaq tədbirlər – konfranslar, dəyirmi masalar, seminarlar və simpoziumlar təşkil edəcək, birgə nəşr proqramları hazırlayacaq, elmi jurnalların, kitabların, tədris və metodik materialların nəşrini həyata keçirəcəklər. Kitab fondlarının birgə istifadəsi, kitab mübadiləsi və yeni elmi ədəbiyyatın təmin edilməsi, xüsusilə nadir kitabların, arxiv materiallarının tədqiqi və mühafizəsi sahəsində əməkdaşlıq da memorandumda əks olunub.
Memorandum çərçivəsində BDU və Milli Kitabxana arasında müasir kitabxana texnologiyaları, rəqəmsal xidmətlər və süni intellekt texnologiyaları sahəsində birgə layihələrin hazırlanması, innovativ tədqiqat laboratoriyaları və tədris məkanlarının yaradılması, gənclərin və təhsilalanların elmi-mədəni inkişafını dəstəkləyən layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.
Oxşar xəbərlər
Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub
Adil Kərimli: Yuğ Teatrının bina problemi qısa zamanda həll ediləcək
Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparılıb
Adil Kərimli serbiyalı həmkarı ilə görüşüb
Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








