Qazaxıstan 2025-ci ildə Ələt limanında terminalın tikintisinə başlayacaq
Qazaxıstan 2025-ci ildə Bakının Ələt qəsəbəsində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanında terminalın tikintisinə başlayacaq.
Bu barədə “Report”un Qazaxıstan bürosu ölkənin nəqliyyat naziri Marat Karabayevə istinadən xəbər verir.
"Qazaxıstan gələn il Ələt limanı, Moskva yaxınlığındakı Selyatino qəsəbəsi, Belarusun Svisloç stansiyası və Daşkənddə terminalların tikintisinə başlayacaq. Yeni terminalların ümumi gücü ildə 1 milyon 200 min konteyner təşkil edəcək", - M.Karabayev bu gün Məclisdə hökumətin səyyar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, gələcəkdə Rumıniyanın Konstansa, Macarıstanın Budapeşt və Çinin Urumçi şəhərlərində birgə terminalların inşası planlaşdırılır.
"Nəticədə Qazaxıstanın xaricdəki terminallarının gücü beş dəfə artacaq ki, bu da yük axınını formalaşdıran əsas ölkələrdən yükləri Qazaxıstanın nəqliyyat dəhlizlərinə cəlb etməyə imkan verəcək", - nazir qeyd edib.
M.Karabayev deyib ki, xaricdə yeni terminalların tikintisi yük axınını Qazaxıstan dəhlizlərinə cəlb etmək üçün lazımdır.
O əlavə edib ki, hazırda Lyanyunqan limanında və Sian şəhərinin quru limanında Qazaxıstan-Çin terminalları, Gürcüstanın Poti limanında isə qazaxıstanlı iş adamına məxsus ildə 500 min konteyner gücündə terminal fəaliyyət göstərir.
Oxşar xəbərlər
Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb
Qazaxıstan ixracı artırmaq üçün Xəzər qovşağının yaradılması ilə bağlı iş aparır
Bakı Limanında İntermodal Yük Terminalının tikintisi yaxın bir ildə tamamlanacaq
Orta Dəhlizlə bu il konteyner daşımaları 3 dəfə artıb
Orta Dəhlizin inkişafı çərçivəsində Kurık limanında dibdərinləşdirmə işlərinə başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













