Goranboyda Neolit dövrünə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO
sizinxeber.az xəbər saytı

Goranboyda Neolit dövrünə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO


Goranboyda rayonun Tatarlı kəndi ərazisində Muncuqlutəpə nekropolunda arxeloji qazıntılar zamanı Neolit dövrünə aid maddi-mədəniyyət nümunələri — saxsı qablar, daşdan hazırlanmış, əsasən əkinçilikdə istifadə olunan əmək alətləri, obsidian, həmçinin çaxmaqdaşından hazırlanmış kəsicilər və insan skeletləri aşkar edilib.

Bu barədə Sizinxeber.az-nın yerli bürosuna Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktor, dosent Müzəffər Hüseynov bildirib.

Müzəffər Hüseynov qeyd edib ki, aşkar edilən nümunələrin eramızdan əvvəl təxminən 6-cı minilliyin sonuna aid olduğu güman edilir: “Qazıntı işləri Goranboyun Tatarlı kəndinin ərazisində 1 hektar ərazidə aparılır. 2025-ci ildə aparılan arxeoloji tədqiqatlar çox maraqlı elmi nəticələr verib. Tatarlı kəndinin ərazisində aşkarlanan Muncuqlutəpə nekropolu 2007-ci ildə qeydə alınıb. 2025-ci ildə nekropolda daha 6 qəbir qazılaraq tədqiq edilib. Qəbirlərin 3-ü böyük, 3-ü isə azyaşlı şəxslərə aiddir. Qəbir abidələrindən zəngin arxeoloji materiallar aşkarlanıb. Aşkar edilənlər saxsı qablar əsasən qara cilalıdır. Üzəri müxtəlif heyvan və həndəsi naxışlarla bəzədilmiş qablar üstünlük təşkil edir. Nekropoldan aşkar edilmiş Assuriya tipli qablar qeyri-adi naxışlarla işlənib. Qəbirlərdə skeletlərin yanında tunc və dəmirdən hazırlanmış silahlar — xəncərlər, bıçaqlar, ox ucluqları aşkar edilib. Nekropolda bəzək əşyaları, xüsusilə muncuqlar üstünlük təşkil edir. Bəzək əşyaları müxtəlif mineral və metaldan hazırlanıb, fərqli forma və rənglərdədir. Yaşayış yerinin erkən tunc dövrünə — Kür-Araz mədəniyyətinə aid təbəqəsindən təsərrüfat quyuları, ocaq yerləri, yarımqazma ev qalıqları və zəngin arxeoloji materiallar aşkarlanıb. Arxeoloji materiallara erkən tunc dövrü üçün xarakterik olan yarımdairəvi qulplara malik saxsı qablar, daş əmək alətləri, obsidian və çaxmaqdaşından hazırlanmış kəsicilər daxildir. Çoxtəbəqəli yaşayış yerində arxeoloji qazıntıların gələcək illərdə də davam etdirilməsi qərara alınıb.

Müzəffər Hüseynov nəzərə çatdırıb ki, ümumilikdə Tatarlı kəndi ərazisində son tunc erkən dəmir dövrünə aid 35-ə qədər qəbir aşkarlanıb.

Qeyd edək ki, Goranboy rayonu ərazisində 28 dövlət qeydiyyatında olan, 40 yeni aşkar olunmuş abidə var. Rayonun ərazisində aparılan qazıntı işlərində Azərbaycan arxeoloqları ilə bərabər xarici arxeoloqlar da iştirak edib.

Oxşar xəbərlər

Naxçıvanda Ubeyd mədəniyyətinə aid maddi nümunələr aşkarlanıb
Astarada qədim dövrə aid unikal memarlıq nümunəsi aşkar edilib
Xaraba Gilan şəhər yerində xilasetmə-tədqiqat işlərinə baxış keçirilib
Astaradakı Əlişah qalasında 8 m uzunluqda saxsı kanalizasiya borusu aşkarlanıb
“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər