
Paşinyandan etiraf - “sülh göyərçini” gerçək iddialarını gizlədə bilmir

Paşinyandan etiraf - “sülh göyərçini” gerçək iddialarını gizlədə bilmir
Ermənistanın baş naziri Nikol Paşinyan və onun komanda üzvlərinin Azərbaycanla imzalanmalı olan sülh müqaviləsi barədə durmadan bəyanatlar verməsi əslində hər zaman olduğu kimi özlərini “sülh göyərçini” kimi göstərmək istəyindən başqa bir şey deyil. Lakin 2018-ci ildə Sorosun dəstəyi ilə Ermənistanda hakimiyyətə gələn Paşinyanın sözü ilə əməlinin bir olmadığı artıq heç kimə sirr deyil. Son günlər İrəvanda baş verənlər göstərir ki, Paşinyanın sülhsevər bəyanatları ilə gerçək istəkləri arasında böyük fərq mövcuddur.
Bir müddətdir İrəvanda davam edən daxili çəkişmələr də bir sıra mətləblərdən xəbər verir. Görünən odur ki, erməni kilsəsinə qarşı “səlib yürüşü”nə start verən Nikol Paşinyanın əsas hədəfi bütün rəqiblərini oyundan kənarlaşdırmaq, 2026-cı il seçkilərində yenidən hakimiyyətə yiyələnməkdir. Bu mənada Ermənistanın 50 din xadiminə qarşı kompromat materialların toplanması barədə göstəriş də təsadüfi sayıla bilməz.
Eyni zamanda müxalifətə qarşı genişmiqyaslı hücumlar hazırlanır. Artıq baş naziri və onun siyasətini tənqid edən Anna Qriqoryan, Taquhi Tovmasyan, Aqnesa Xamoyan və Kristin Vardanyan kimi deputatların izlənməsi və onlar haqqında materialların toplanması ilə bağlı hüquq-mühafizə orqanlarına göstərişlər verilib. Kənardan elə görünə bilər ki, bölgədə “sülh üçün çalışan” Ermənistan hakimiyyətinin məqsədi bu işə mane olan revanşist müxalifəti sıradan çıxarmaqdır. Lakin əsl niyyətin bu olmadığını düşünmək üçün kifayət qədər əsas var.
Bu mənada İrəvana sığınan Qarabağ separatçılarının tör-töküntülərinə qarşı açılan savaş da maraq doğurur. Paşinyan bu dəfə qondarma qurumun “prezidenti” Samvel Şahramanyanla haqq-hesabı çürütmək, onu həbsə göndərmək niyyətini güdür. Sirr deyil ki, Qarabağ ermənilərinin böyük əksəriyyətinin Ermənistan vətəndaşlığı var və son illərdə böyük hissəsi də vətəndaşlıq alıb. Son zamanlar isə onlar Ermənistanda təşkilatlanır və siyasi gücə çevrilir. Hər səs uğrunda ölüm-dirim mübarizəsinin gedəcəyinin planlaşdırıldığı 2026 seçkiləri üçün bu, həlledici ola bilər. Bu səbəbdən də Paşinyan Şahramanyan və digərlərini həbsə göndərməklə güc nümayiş etdirməyi və səsləri öz lehinə çevirməyi planlaşdırır.
İşin digər tərəfi Şahramanyana qarşı açılan cinayət işi ilə bağlı üzə çıxıb. Son bir ayda Şahramanyan artıq intensiv şəkildə hüquq-mühafizə orqanları tərəfindən dindirilməyə çağırılıb. Hələlik şahid qismində istintaqa cəlb edilən Qarabağ separatçılarının liderinə qarşı həmçinin “hərbi qulluqçunun xidməti səhlənkarlığı”, “döyüş vasitələrini düşmənə vermə və ya tərk etmə” maddələri ilə cinayət işi qaldırılıb. Bu isə bir sıra mətləblərdən xəbər verir.
Əvvəla, Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdığını deyən Paşinyanın Samveli separatçı kimi yox, yuxarıda sadalanan maddələrlə istintaqa cəlb etməsi beynəlxalq hüququn pozulmasıdır. Şahramanyan və onun kimilər Azərbaycan ərazisində uzun müddət separatçılıqla məşğul olduqları üçün onlara qarşı məhz separatçılıq ittihamı irəli sürülməlidir.
İkincisi, separatçılıq cinayəti Qarabağda, yəni Azərbaycan ərazisində baş verdiyi üçün günahkarlar da bu ölkənin qanunları çərçivəsində cəzalandırılmalıdır. Ermənistan Şahramanyanı “hərbi qulluqçunun xidməti səhlənkarlığı”, “döyüş vasitələrini düşmənə vermə və ya tərk etmə” maddələri ilə cinayət məsuliyyətinə cəlb etməsi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının birbaşa etirafıdır.
Üçüncüsü, Qarabağda separatçıların təslim olmasını cinayət hesab edən, bundan təəssüflənən Paşinyan hökuməti dolayısı ilə özünün revanşist mahiyyətini də təsdiqləmiş olur.
Bütün bu faktlar erməni hökumətinin sülhlə bağlı bütün açıqlamalarını şübhə altına almaqla yanaşı, çirkin oyunlarını ortaya çıxarır. Bir tərəfdən sülhdən danışan baş nazir Hindistan, Fransa kimi ölkələrlə milyardlıq silah müqavilələri imzalayırsa, deməli revanşimzlə nəfəs alır, sadəcə fürsət gözləyir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev də aprel ayında çıxışında bu barədə konkret açıqlama verib, Paşinyan və komandasını passiv revanşist adlandırıb.
Bu isə onu deməyə əsas verir ki, 2020-ci ilin noyabrında imzaladığı Bəyanatla üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyən, ölkə Konstitusiyasından qonşulara qarşı ərazi iddialarını çıxarmaq istəməyən, mövcudluğuna zərurət qalmayan ATƏT-in Minsk Qrupunun buraxılmasına həvəs göstərməyən, Fransa və Hindistan kimi ölkələrin hesabına durmadan silahlanan Paşinyan hökumətinin “sülh göyərçini” obrazının arxasında əslində başqa niyyətlər dayanır.
Kamil Məmmədov