Məhəmməd Əl-Casir: IsDB Azərbaycanla 2032-ci ilə qədər əməkdaşlıq prioritetlərini müəyyən edib - MÜSAHİBƏ
sizinxeber.az xəbər saytı

Məhəmməd Əl-Casir: IsDB Azərbaycanla 2032-ci ilə qədər əməkdaşlıq prioritetlərini müəyyən edib - MÜSAHİBƏ


İslam İnkişaf Bankı (IsDB) Qrupu ilə Azərbaycan arasındakı münasibətlər üç onillikdən artıqdır ki, infrastruktur va su ehtiyatlarından tutmuş maliyyə sektoru və dayanıqlı inkişafa qədər iqtisadi artımın əsas istiqamətlərini əhatə edən davamlı və çoxsəviyyəli tərəfdaşlıq kimi inkişaf edir. Bu gün bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. lyunda Bakıda IsDB-nin İllik iclasları çərçivəsində tədbirlər keçiriləcək və tərəflər yaxın beş il üçün ikitərəfli əməkdaşlığın yol xəritəsini hazırlayıblar.

Azərbaycanda səfərdə olan IsDB Qrupunun prezidenti Məhəmməd Əl-Casir "Report"a müsahibəsində ISDB-nin Azərbaycanda, o cümlədən ölkənin Qarabağ regionunda həyata keçirməyə planlaşdırdığı layihələr və illik İclaslara hazırlıq barədə danışıb.

- Siz Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirdiniz. Gələcək əməkdaşlıq üçün bu görüşdə hansı razılaşmalar əldə olundu?

-Prezident İlham Əliyevlə çox konstruktiv görüşüm oldu. Bu görüş zamanı çoxdankı tərəfdaşlığımızın möhkəmliyi təsdiqləndi. Mən Azərbaycanın liderliyinə və gələcəyə dair strateji baxışına görə Bank adından Prezidentə dərin minnətdarlığımı bildirdim. Mən Prezidenti əmin etdim ki, bank ölkəyə dəstəyini "Azərbaycan 2030" baxışının prioritetlərinə uyğun quracaq. Biz dayanıqlı və inklüziv artıma yönəlmiş 2027-2031-ci illər üçün yeni tərəfdaşlıq strategiyası vasitəsilə əməkdaşlığımızı möhkəmləndirmək barədə razılığa gəldik.

- Sizin Azərbaycana səfəriniz İslam İnkişaf Bankı Qrupunun Rəhbərlər Şurasının Bakıda keçiriləcək İllik Toplantıları ərəfəsində baş tutur. İyun ayında hansı məsələlər müzakirə olunacaq?

- Bu səfər həqiqətən də İslam İnkişaf Bankı Qrupu ilə Azərbaycan arasındakı münasibətlərin əhəmiyyətli bir dövründə baş tutur. Artıq bir neçə həftədən sonra Bakı IsDB Qrupunun 2026-cı il İllik Toplantılarına ev sahibliyi edəcək. Bu, Azərbaycanın İllik Toplantılara ev sahibliyi etdiyi ikinci hal (ilk dəfə 2010-cu ildə - red.) olacaq. Mən Azərbaycan rəhbərliyinə və hökumətinə bu görüşlərin uğurla keçirilməsini təmin etməklə bağlı qətiyyətli mövqeyinə görə təşəkkür etmək üçün gəlmişəm.

Bankın komandaları həmçinin müxtəlif inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə etmək üçün özəl sektorun nümayəndələri, gənclər, akademik ictimaiyyət, eləcə də media və digər maraqlı tərəflərlə görüşlər keçirir. Mənim səfərim həm də ölkənin necə bir tərəqqiyə nail olduğunu, onun regional və qlobal inkişafda, eləcə də əlaqəliliyin təmin edilməsində necə mühüm yer tutduğunu nümayiş etdirməyə yönəlib. İllik Toplantılar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişaf uğurlarını nümayiş etdirəcək.

-IsDB-nin Azərbaycanla 30 ildən artıq davam edən əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Tərəfdaşlığımız Azərbaycanın 1992-ci ildə banka üzv olduğu vaxtdan bəri üç onillikdən çox müddəti əhatə edir. O vaxtdan bəri IsDB Qrupu kənd təsərrüfatı, energetika, su ehtiyatları, nəqliyyat və maliyyə xidmətləri də daxil olmaqla iqtisadiyyatın əsas sektorlarında 84 əməliyyat üzrə təxminən 1,8 milyard ABŞ dolları məbləğində maliyyələşdirmə ayırıb. Layihələrin əksəriyyəti artıq başa çatıb. Hazırda ümumi dəyəri 635,9 milyon ABŞ dolları olan 11 layihə icra mərhələsindədir.

Başa çatmış layihələrin bir çoxu müstəqil qiymətləndirmədən keçib və nəzərəçarpacaq, uzunmüddətli nəticələr nümayiş etdirib. Cari layihələrin də, xüsusən kənd təsərrüfatı sahələrini su ilə təmin edən suvarma kanallarının inkişafı, ev təsərrüfatlarının təmiz suya çıxışının genişləndirilməsi, ticarətin maliyyələşdirilməsi vasitəsilə biznesə dəstək və digər istiqamətlər hesabına Azərbaycanın iqtisadi inkişafına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.

- IsDB Qrupu ölkəyə dəstəyini "Azərbaycan 2030" strategiyasına uyğun olaraq necə qurur?

- İslam İnkişaf Bankı Qrupu öz fəaliyyətini "Azərbaycan 2030" baxışı ilə tam uzlaşdırır. Biz hökumətlə eyni dövrü - 2027–2031-ci illəri əhatə edən ölkə üzrə tərəfdaşlıq strategiyasının imzalanması üzərində işləyirik. Qarşıdakı beş ildə dəstəyimiz "Azərbaycan 2030" milli baxış strategiyasına tam uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalına investisiyalara, "yaşıl" və dayanıqlı infrastrukturun inkişafına, eləcə də regional qarşılıqlı əlaqələrin genişləndirilməsinə yönələcək. Beləliklə, strategiya əməkdaşlığımızın növbəti mərhələsi üçün yol xəritəsinə çevriləcək. Bu, tərəfdaşlığa lazımi struktur və ambisiya qazandıracaq.

Xəbər yenilənir

Oxşar xəbərlər

Azərbaycan və IsDB strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək
IsDB illik toplantısını 2026-cı ildə Azərbaycanda keçirəcək
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər