Rimas Kurtinaytis: "Neftçi"dən çəkinmirik, final seriyası asan olmayacaq" - MÜSAHİBƏ
"Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis "Report"un suallarını cavablandırıb. Təcrübəli mütəxəssis Azərbaycan Basketbol Liqasının final seriyasındakı hədəflərindən və çempionatın səviyyəsindən söz açıb.
- Komanda ardıcıl üçüncü dəfə Azərbaycan Basketbol Liqasının finalına yüksəlib. Təəssüratlarınız necədir?
- Mövsümün əvvəlindən məqsədimiz Azərbaycan çempionu titulunu özümüzdə saxlamaq idi. Hazırda buna doğru irəliləyirik. İndiki hədəfimiz isə final seriyasında qalib gəlməkdir.
- Həlledici raundda "Neftçi" ilə üz-üzə gələcəksiniz. Rəqib haqqında nə deyə bilərsiniz?
- "Neftçi" yaxşı komandadır. Bu mövsüm iki ən güclü kollektiv final seriyasında üz-üzə gələcək. Rəqibdən çəkinmirik, onlara hörmətlə yanaşırıq. Finala ciddi hazırlaşmışıq. Bilirik ki, asan olmayacaq. Final seriyasında ilk oyun həmişə çox vacibdir.
- Rəqibinizin finaladək irəliləyəcəyini gözləyirdiniz?
- Digər komandaların yerinə danışa bilmirəm. "Neftçi"də məşqçilər, oyunçular dəyişdi. Mövsümün gedişində fikir bildirmək çətin idi. Deyə bilmərəm ki, onların final seriyasına yüksəlməsi gözlənilməz oldu. Düşünürəm ki, finala layiqdirlər.
- Cari mövsüm turnirin səviyyəsini ötən mövsümlə müqayisə edə bilərsiniz?
- Düşünürəm ki, ötən mövsümlə müqayisədə Azərbaycan Basketbol Liqasının səviyyəsi yüksəlib. Buna səbəb legioner limitinin dəyişdirilməsi oldu. Həmçinin azərbaycanlı basketbolçularda da inkişaf hiss olunur.
- Yerli oyunçulardan söz düşmüşkən, komandanızdakı azərbaycanlı basketbolçulardan razısınız?
- Şirzad Şirzadov və Ramiz Quliyevdə inkişaf hiss olunur. Gənc basketbolçulardan Əlikamran Məmmədov və Aydın İbrahimov da öz üzərlərində çox işləyirlər. İnkişaf var. Onların gələcəyi hələ irəlidədir.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında final seriyası start götürür
Millinin baş məşqçisi: "Azərbaycan Basketbol Liqasında "Sabah" - "Neftçi" finalı görə bilərik"
Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib
Rimas Kurtinaytis: "Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir"
Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













