Türklər ekran yaradır, biz ekran doldururuq
Azərbaycanda insanlar ekran qarşısında daha çox Türk, Koreya, hətta Hind seriallarına baxır. Amma öz yerli seriallarımız yayımlananda bir neçə seriyadan sonra ya lağ mövzusuna çevrilir, ya da ümumiyyətlə izləyici itirir. Suallar çoxdur: Niyə bizdə seriallar alınmır? Niyə türklər çəkəndə milyonlar baxır, biz çəkəndə isə utanırıq paylaşmağa?
Əvvəla, səviyyə problemi var. İzləyici nə qədər savadlı, zövqlü və diqqətlidirsə, ona təqdim olunan kontent də o qədər keyfiyyətli olmalıdır. Amma bizdə seriallar çox zaman izləyicini tənbəl, səviyyəsiz və zehni zəif hesab edir. Ona görə də ssenarilər “gəlin-qayınana”, “məni atdın-getdin”, “yaxşı qız var, kasıbdı” kimi yüz dəfə çəkilmiş, bitmiş, köhnə mövzuların ətrafında fırlanır. Tamaşaçı artıq bu hekayələri əzbərləyib. Yeni heç nə yoxdur, maraq doğuran xətt yoxdur, “aha!” anı yoxdur.
İkincisi, aktyor oyunu problemi. İstedadlı aktyorlarımız var, amma onların çoxu teatrda, filmlərdə işləmək istəyir – serialda yox. Çünki seriallarda rollar sönükdür, mimika yox, duyğu yox, baxış yox. Hətta bəzi seriallarda elə bil qəhrəmanlar səhifədən ssenarini oxuya-oxuya danışırlar. Çünki rejissor onlara yer vermir, ssenari boşdur, emosional dərinlik sıfırdır. Halbuki Türkiyə seriallarında bir susqunluq, bir baxış, bir nəfəs belə epizodu yaddaşlara yazır.
Üçüncüsü, texniki keyfiyyətsizlik. Səs bərbad, montaj səthi, görüntü televizor ekranına belə yaraşmır. Sanki iş tələsik, “olsun da” prinsipi ilə çəkilir. Türkiyədə bir serialın hər seriyası kinofilm kimi hazırlanır – ssenari komandası, rejissor heyəti, kamera qrupu və postproduksiya komandası tam işləyir. Bizdə isə bəzən bir adam həm rejissor, həm ssenarist, həm montajçı olur – nəticə isə bəllidir.
Dördüncüsü, reklam və dəstək çatışmazlığı. Keyfiyyətli serial üçün böyük büdcə, sponsor dəstəyi və platforma gücü lazımdır. Türkiyədə seriala milyonluq büdcə ayrılır, çünki həmin məhsul ixrac edilir. Bizdə isə seriala “aylıq maaşla” yanaşılır: “neçə seriya verirsiz, çəkək bitsin”. Məqsəd reytinq yox, sadəcə efiri doldurmaq olur.
Beşincisi və ən vacibi: yaradıcılıq azadlığı yoxdur. Ssenarist nəsə yazır, amma deyirlər: “bu olmaz, o uyğun deyil, bunu dəyiş, bunu sil, bu təhlükəlidir.” Yəni yaradıcı insan sonda kopyalanmış, steril, dar çərçivəyə salınmış bir məhsul hazırlayır. Tamaşaçı da onu izləmək istəmir. Onun baxdığı türk serialında isə insanlar cəsur mövzulardan danışır, dərin psixoloji sarsıntıları göstərir, həyatın qaranlıq üzünü də, parlaq ümidini də göstərirlər.
Bəs bu vəziyyətdən çıxış nədir?
1)Yazıçılara və ssenaristlərə azadlıq verilməlidir. Ssenari hazır olana qədər yox, serial çəkilənə qədər heç kim müdaxilə etməməlidir.
2)Aktyorlar ciddiyə alınmalı, onların rolu sadələşdirilməməlidir. Teatrdakı güclü aktyorlar seriallara cəlb olunmalıdır.
3)Texniki komanda gücləndirilməli, montaj və səsə ciddi yanaşılmalıdır.
4)Yerli platformalar yaradılmalı, serial ixracı üçün işlər görülməlidir.
5)Mövzular cəsarətli olmalı, gündəmin real problemlərini əks etdirməlidir: korrupsiya, ailə dramları, psixoloji xəstəliklər, qadın haqları, gənclərin işsizlik problemi və s.
Biz serialı təkcə əyləncə yox, güzgü kimi görməliyik. Türk seriallarının gücü bundadır: izləyiciyə güzgü tuturlar – ya özünü görür, ya da olmaq istədiyini. Bizdə isə yalnız şablon obrazlar var – heç kimə toxunmur, heç kimə bənzəmir.
Əgər bu yol belə davam etsə, Azərbaycan serialları yalnız “zarafat mövzusu” kimi qalacaq. Hər axşam Türkiyənin həyatını izləyəcəyik, öz həyatımıza isə kanal dəyişəcəyik.
İzzət Qurbanov
“Sözüm var” layihəsi üçün yazdı.
Oxşar xəbərlər
Telekanallar niyə bu gündədir? - İzzət Qurbanov yazır...
Türkiyə ABŞ və İngiltərədən sonra ən çox serial ixrac edən ölkə oldu - FOTO
Saxta araq, köhnə kolbasa – 200 manata bəzəkli toy menyusu
“Sosial”a güvənib uşaq doğanlar
"Həmin məqamlara görə, o pullardan imtina edirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









