
“Sosial”a güvənib uşaq doğanlar

“Sosial”a güvənib uşaq doğanlar
Azərbaycan cəmiyyətində illərdir bir fikir dolaşır: “Uşaq Tanrı payıdır.” Bəli, uşaq doğmaq həm ilahi, həm də insani bir qərardır. Amma təəssüf ki, bu qərar bəzi hallarda artıq “dövlətin payı”na çevrilib. Deyilənə görə, uşaq doğan doğur, çünki sosial yardım gəlir.
Bu, bəlkə də ilk baxışda kəskin səslənir. Amma gəlin reallığa baxaq.
Son illərdə bəzi ailələrdə uşaq dünyaya gətirmək ailə böyütmək arzusu yox, sosial yardım almaq ümidi ilə edilir. Sosial yardım – uşaq pulu, ünvanlı yardım, birdəfəlik müavinət… Bu yardımların məqsədi, ehtiyaclı ailələri dəstəkləmək, körpələrin sağlam böyüməsini təmin etməkdir. Amma bu sistem öz yerini tapmadıqda, nəticə belə olur: dövlətin yardım paketi ailə planlaşdırma strategiyasına çevrilir.
Gəlin məsələyə başqa istiqamətdən yanaşaq. Əgər ki, uşaqlar üçün nəzərdə tutulan müavinətlər gedib onlara çatmırsa, onların təməl ehtiyacları ödənmirsə, bu pul niyə o valideynlərə verilməlidir?
Ümumiyyətlə, niyə bizim cəmiyyətdə uşaq ən son yerdə durur? Niyə uşaqlara qarşı münasibət bu qədər qəddar və haqsızdır? Niyə bizdə zorakılıq və istismara görə valideynlik hüququndan mərhum etmək halları azdır? Niyə görk üçün heç bir addımlar atılmır?
Bir neçə gün öncə bir ata “TikTok” sosial şəbəkəsində azyaşlı uşağına siqaret çəkdirir, ona bildiriləndən sonra ki, bunu eləmək olmaz, adam bildirir ki, “uşaq mənimdir, özüm bilərəm!”
Bəzi bölgələrdə, xüsusilə kənd yerlərində, bu “taktika” artıq adi hal alıb. 4-5 uşaq doğulub, amma heç birinə nə gələcək var, nə də bu gün yaşına uyğun inkişaf mühiti. Uşaqların təhsili yox, qidalanması minimal, gələcəyi isə qaranlıqdır. Dövlət 50 manat verir deyə uşaq doğmaq, həm ailəyə, həm də cəmiyyətə qarşı edilən ədalətsizlikdir.
Sosial yardım asılılığı: sükutla yayılan böhran
“Sosial”la yaşayan ailələr çox vaxt bir kəlmə deyirlər: “Dövlət verir də, biz də istifadə edirik.” Amma heç kim soruşmur: biz bu dövlətdən nə qədər asılıyıq, və nə qədər cavabdehik? Sosial yardım əbədi deyil, o fövqəladə hallarda müvəqqəti dəstək üçündür. Amma bəzi ailələrdə bu yaşayış modelinə çevrilib: ata işləmir, ana uşağa görə maaş gözləyir, ailədə əmək qabiliyyətli heç kim yoxdur, amma uşaq doğulmağa davam edir.
Bəli, heç kəs uşağın çoxluğuna qarşı deyil. Əslində bu ölkənin gənc əhalisi nə qədər çox olsa, bir o qədər güclü olar. Amma say yox, keyfiyyət vacibdir. Gələcəyin insanını hazırlamaq məsuliyyətdir – sadəcə doğmaqla bitmir.
Uşaq oyuncağı yox, insandır!
Uşağın həyatını planlamaq — təhsilini, psixoloji rifahını, sosial mühitini, qidalanmasını təmin etmək — valideynin borcudur. Əgər bu təminatlar yoxdursa, uşaq doğmaq sadəcə bioloji prosesdir, insan yetişdirmək yox.
Görəsən, neçə ailə bir az içdən baxıb bu sualı verir: “Bu uşağa nə verəcəyəm? Yemək, geyim, dərs, qayğı, gələcək?” Yoxsa düşüncə sadəcə belədir: “Onsuz da dövlət baxır, hər ay gəlir axı...”
Sonda bir çağırış
Bu yazının hədəfi yardım alan yox, yardımı sistemə çevirən düşüncə tərzidir. Sosial yardım birdəfəlik mənbədir, ömürlük çörək deyil. Dövlət hər vətəndaşına dəstək ola bilər, amma hər uşağın məsuliyyətini öhdəsinə ala bilməz.
İnsan övladı doğulanda göydən rızqla gəlməz — onun rızqını valideyn çalışaraq təmin etməlidir. Əks halda bu cəmiyyət körpə yox, kasıb doğur.
İzzət Qurbanov
“Sözüm var” layihəsi üçün yazdı.