Azərbaycan-Pakistan münasibətləri: Artan investisiyalar, yeni perspektivlər - TƏHLİL
sizinxeber.az xəbər saytı

Azərbaycan-Pakistan münasibətləri: Artan investisiyalar, yeni perspektivlər - TƏHLİL


Azərbaycan və Pakistan arasında sıx münasibətlər müxtəlif sahələrdə əməkdaşlığın inkişafına təkan verir.

Azərbaycan-Pakistan əlaqələri

Milli Məclisin deputatı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanova Sizinxeber.az-ya açıqlamasında Azərbaycan və Pakistan arasındakı münasibətləri dostluq, qardaşlıq və strateji tərəfdaşlığın bariz nümunəsi kimi qiymətləndirib:

Azərbaycan və Pakistan arasında münasibətlər dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Bu əlaqələr tarixi, mədəni və siyasi amillərlə möhkəmlənib və hər iki xalq arasında dərin bağlar yaradıb”.

Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) prezidenti, ekspert Qaiser Navab isə Sizinxeber.az-ya açıqlamasında Pakistan və Azərbaycan arasında əlaqələrin davamlı dostluq, qarşılıqlı hörmət və ortaq strateji maraqların təzahürü olduğunu deyib:

Pakistan-Azərbaycan dostluğu diplomatik münasibətdən daha çox şeydir; bu, ortaq dəyərlərə, qarşılıqlı hörmətə və firavan gələcək üçün ümumi baxışa söykənən bağdır. İki xalq arasında tarixi, mədəni və iqtisadi əlaqələrə söykənən tərəfdaşlıq ticarət, enerji, müdafiə və akademik mübadilə kimi müxtəlif sahələri əhatə etməklə, illər ərzində daha da güclənib”.

Qarşılıqlı səfərlərin əhəmiyyəti

Azərbaycan-Pakistan münasibətlərinin genişləndirilməsi hər iki dövlətin ortaq mənafelərinə xidmət göstərir. Prezidentlər, baş nazirlər səviyyəsində tez-tez səfərlərin həyata keçirilməsi ölkələr arasında dostluq münasibətlərinin aydın təzahürüdür.

Azərbaycan Prezidenti İlham Əliyev də fevralın 24-ü Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə mətbuata birgə bəyanatında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb:

Əziz qardaşım, Azərbaycana bir daha xoş gəlmisiniz. Dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdı. Cənab Baş nazir ötən il və 2023-cü ildə ölkəmizə səfər edib. Mən isə ötən il Pakistanda dövlət səfərində olmuşam. Bu gün əziz qardaşım Azərbaycana dövlət səfərinə gəlib. Bütövlükdə bu dinamika, əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq”.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərinin iki ölkənin qardaşlıq münasibətlərini yeni səviyyəyə qaldırdığını vurğulayıb:

Zati-aliləri, ötən dəfə Pakistana səfəriniz qardaşlıq münasibətlərimizi yeni səviyyəyə qaldırdı və bu, səmimi əlaqələri gücləndirdi”.

Azərbaycan və Pakistan biri-birinin haqq işini dəstəkləyir

Azərbaycanın ərazilərini işğal faktına görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdən biridir. Pakistan Senatı 2022-ci ildə Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. İşğal dövründə, 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Pakistan Azərbaycana daim dəstəyini nümayiş etdirib.

Azərbaycan da öz növbəsində Cəmmu və Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir. Rəsmi Bakı Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır.

Prezidenti İlham Əliyev də çıxışı zamanı qarşılıqlı dəstək məsələsinə toxunub:

“İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib:

“Siz Pakistanı dəstəkləmisiniz. Kəşmir əhalisinə dəstəyinizə görə Sizə təşəkkür edirəm. Siz hər zaman heç bir siyasi şərt və ya tərəddüd olmadan Kəşmir məsələsində bizim haqq işimizi dəstəkləmisiniz və bu, Sizi fərqləndirən xüsusiyyətinizdir, sarsılmaz mövqeyinizdir. Biz Pakistan xalqı bunu yüksək qiymətləndiririk. Ümidvaram ki, Baş Assambleya və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr bizim kollektiv səylərimiz sayəsində bir gün tezliklə həyata keçəcək”.

Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələr

Milli Məclisin deputatı Səbinə Salmanova bildirib ki, Pakistanla iqtisadi-ticari əlaqələr sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün ciddi səylər göstərilir.

İqtisadi əlaqələrin genişləndirilməsi üçün mütəmadi olaraq müxtəlif səviyyəli görüşlər, iqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclasları keçirilib. Ticarət dövriyyəsinin artırılması istiqamətində bir sıra mühüm layihələr reallaşdırılıb və yeni təşəbbüslər irəli sürülüb. Sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və sərmayələrin artırılması üçün davamlı müzakirələr aparılıb. Təsadüfi deyil ki, Pakistan 2021-2022-ci illərdə Azərbaycana 9,7 milyon dollar, 2022-2023-cü illərdə isə 12 milyon dollar həcmində ixrac həyata keçirib. Bu da ölkələrimiz arasında iqtisadi əlaqələrin ildən-ilə artırmasının nəticəsidir. Bundan başqa, fevralın 24-də iki ölkə arasında imzalanmış sənədlərin - Dövlət Neft Şirkəti ilə “Pakistan State Oil Company Limited” və “Pakistan Refinery Limited” (PRL) müəssisələri arasında Anlaşma Memorandumunun, eləcə də mayeləşdirilmiş təbii qaz yüklərinin, neft məhsullarının alqı-satqısı ilə bağlı sazişlərin, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mübadiləsi də iki dost ölkə arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini və yeni əməkdaşlıq imkanlarının yaranacağından xəbər verir. Ümumilikdə hesab edirəm ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri zamanı imzalanmış sənədlər böyük əhəmiyyətə malikdir və qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə böyük töhfələr verəcək”, - deyə deputat vurğulayıb.

Pakistanlı siyasi ekspert Qaiser Navab isə iqtisadi əməkdaşlığın iki ölkə əlaqələrinin onurğasını təşkil etdiyini vurğulayıb: İqtisadi əməkdaşlıq Pakistan-Azərbaycan münasibətlərinin mühüm sütununu təşkil edir. İki ölkə arasında ticarət yüksələn xətlə davam edir. Hər iki tərəf yeni bazarlar və imkanları kəşf etməyə can atır. Baş nazir Şahbazın səfəri zamanı keçirilən Pakistan-Azərbaycan Biznes Forumu “biznes-to-biznes” arasında birbaşa qarşılıqlı əlaqələrin təşviqinin vacibliyini göstərir. Bu təşəbbüs özəl sektora ticarət həcminin və sərmayələrin artmasına gətirib çıxararaq, iqtisadi fəallığı gücləndirməkdə mühüm rol oynamağa imkan verəcək. Pakistan-Azərbaycan münasibətlərinin gələcəyi ümidverici görünür, hər iki ölkə əməkdaşlığın yeni sahələrini araşdırmaqda maraqlıdır. İnformasiya texnologiyaları, bərpa olunan enerji və rəqəmsal iqtisadiyyat kimi inkişaf etməkdə olan sektorlar əməkdaşlıq üçün maraqlı imkanlar təqdim edir. Azərbaycanın texnologiya və infrastruktur inkişafındakı irəliləyişləri Pakistanın rəqəmsal transformasiya və innovasiyaya əsaslanan böyümə istəkləri ilə üst-üstə düşür”.

Azərbaycan və Pakistan arasında yicarət dövriyyəsi və investisiya təşəbbüsləri

Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi son illərdə artan iqtisadi əlaqələrin və strateji tərəfdaşlığın göstəricisidir. 2020-2024-cü illər ərzində iki ölkə arasında ticarət dövriyyəsində ciddi dalğalanmalar müşahidə olunub. Azərbaycan və Pakistan arasında iqtisadi münasibətlər, əsasən, enerji, kənd təsərrüfatı, əczaçılıq və tekstil sahələri ətrafında formalaşıb. İki ölkə arasında ticarət dövriyyəsi 2020-ci ildə 13,283 milyon ABŞ dolları təşkil edib, lakin 2021-ci ildə 11,7% azalıb. 2022-ci ildə dövriyyə 28,1 milyon ABŞ dollarına qədər yüksəlib. 2024-cü ildı isə bu rəqəm 22 milyon 048 min ABŞ dolları səviyyəsində olub. Azərbaycan və Pakistan arasında Preferensial Ticarət Sazişi (PTS) müzakirə mərhələsindədir. Bu saziş qüvvəyə mindikdən sonra ticarət dövriyyəsinin daha da artacağı gözlənilir.

Hər iki ölkə investisiya sahəsində əməkdaşlıq, müxtəlif sahələrdə birgə layihələr həyata keçirmək və iqtisadi əlaqələri möhkəmləndirmək üçün fəal addımlar atır.

Azərbaycandan Pakistan iqtisadiyyatına iki milyard dollar sərmayə

Pakistanın Baş naziri ilə müzakirələrin nəzərəçarpan hissəsinin ticari və iqtisadi sektorlara həsr edildiyini vurğulayan Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb:

Biz ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Xüsusən də nəzərə alaq ki, ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var. Biz bir neçə ay əvvəl Pakistan tərəfindən konkret layihələri aldıq və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir. Bir sözlə, bu gün düşünürəm ki, qardaşımla birgə çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir. Bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır. Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, biz ticari dövriyyəmizin artımını da görəcəyik”.

İnvestisiya hər iki ölkəyə dividendlər gətirir

Baş nazir Məhəmməd Şahbaz Şərif isə Azərbaycan Prezidentinin sərmayə təşəbbüsünün hər iki ölkəyə dividendlər gətirəcəyini bildirib.

Azərbaycanın Pakistanın birgə müəssisələrinə 2 milyard dollar sərmayə yatıracağını nəzərdə tutduğunuzu bəyan edəndə mən Sizə hədsiz dərəcədə minnətdar oldum. Bunlar qarşılıqlı faydalı investisiyalardır və hər iki ölkəyə dividendlər gətirir. Mən böyük sevinc hissi ilə qeyd edirəm ki, hər iki heyət bu məsələ üzərində nəticələr əldə etmək üçün çox ciddi işləyib və bu gün səhər hər iki tərəfin çoxlu iş gördüyünü və hər iki tərəfə bütün hazırlıqları yekunlaşdırmaq üçün 1 ay vaxt verildiyini Sizdən eşitməkdən çox şad oldum. İnşallah, aprel ayında, hər şey müzakirə edildikdən və qərar qəbul olunduqdan sonra mən bu 2 milyard dollar dəyərində razılıqları tamamlamaq üçün yenə də Sizi İslamabadda qəbul etməkdən böyük şərəf və sevinc hissi keçirəcəyəm”.

Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə qoymaq niyyəti barədə danışan Pakistanlı ekspert bu mühüm sərmayənin ikitərəfli münasibətləri gücləndirməyə və hər iki ölkədə iqtisadi artımı stimullaşdırmağa yönəldiyini vurğulayıb.

Bu 2 milyard dollarlıq sərmayə öhdəliyi Pakistan və Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinin göstəricisidir. Hər iki ölkə bu əsas sektorları inkişaf etdirməklə dayanıqlı iqtisadi artıma nail olmağı və ikitərəfli əlaqələri daha da gücləndirməyi hədəfləyir.”

Sərmayənin yatırılacağı sahələr barədə

Sərmayənin hədəflədiyi sahələrə gəlincə isə, ekspert bunun əsasən enerji, infrastruktur və kənd təsərrüfatı sahələrinə yönəldiləcəyini qeyd edib.

"Sərmayənin əhəmiyyətli bir hissəsinin enerji sektoruna ayrılması gözlənilir. Pakistan enerji sahəsində davamlı problemlərlə üzləşir və enerji resursları ilə zəngin olan Azərbaycanla əməkdaşlıq bu problemlərin həllində mühüm rol oynaya bilər. Sərmayə neft və qaz kəşfiyyatı, enerji infrastrukturunun inkişafı və Pakistan üçün mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü kimi layihələri əhatə edə bilər. Bu təşəbbüslər Pakistanın enerji mənbələrini şaxələndirmək və enerji təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.

İnfrastrukturun inkişafı

İnfrastruktur sahəsinə sərmayə qoyuluşu əsas diqqət mərkəzlərindən biridir. Dayanıqlı infrastrukturun inkişafı iqtisadi tərəqqi, ticarətin asanlaşdırılması və əlaqələrin yaxşılaşdırılması baxımından vacibdir. 2 milyard dollarlıq sərmayənin yolların, körpülərin və ehtimal ki, liman obyektlərinin tikintisini dəstəkləyəcəyi gözlənilir. Bu inkişaf Pakistanın logistik imkanlarını genişləndirəcək. Yaxşılaşdırılmış infrastruktur yalnız daxili iqtisadi fəaliyyəti gücləndirməklə kifayətlənməyəcək, həm də Pakistan və Azərbaycan arasında regional ticarət əlaqələrini möhkəmləndirəcək.

Kənd təsərrüfatı sektoru

Kənd təsərrüfatı Pakistan iqtisadiyyatının vacib sahələrindən biridir və bu sahəyə sərmayə qoyuluşu əhəmiyyətli inkişaflara yol aça bilər. Mümkün sərmayə sahələrinə kənd təsərrüfatı praktikasının modernləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi və aqrosənaye müəssisələrinin inkişafı daxildir. Bu təşəbbüslər məhsuldarlığı artırmaq, ərzaq təhlükəsizliyini təmin etmək və ixrac üçün yeni imkanlar açmaqla iqtisadi rifaha töhfə verə bilər.

Proseslər belə bir qənaətə gəlməyə əsas verir ki, Azərbaycanla Pakistan arasında müxtəlif sahələr üzrə əməkdaşlıq vüsət almaqdadır.

Lamiyə Şirinova

Ramiz Mikayıloğlu

Oxşar xəbərlər

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Pakistan arasında imzalanmış 3 saziş təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanlı müşahidəçi: Seçkilər Azərbaycanda demokratik bazanın inkişafına vacib dəstək verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin növbəti iclasında Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinə baxılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər