Bakıda Sosial müdafiə sistemlərinin uyğunlaşdırılması mövzusunda keçirilən bu beynəlxalq konfrans bizim üçün geniş imkanlar yaradan və mexanizm baxımından olduqca əlverişli bir platformadır.
"Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının sədri Zəka Mirzəyev Bakıda "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, tədbirdə beynəlxalq səviyyədə aktual olan xüsusi çağırışlar müzakirə olunacaq:
"Bu çağırışlara əhalinin yaşlanması fonunda pensiya sistemlərinin gücləndirilməsi, əmək bazarındakı yeni trendlər və rəqəmsallaşma sahəsində baş verən inkişaflar nəticəsində yaranan sosial məsələlər daxildir".
DSMF sədri qeyd edib ki, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası, həm də Beynəlxalq Sosial Təminat Assosiasiyası Azərbaycanın bu təşkilatlarda aktiv iştirakını yüksək qiymətləndirirlər:
"Bu gün Bakıda baş tutan beynəlxalq konfrans Azərbaycanda həyata keçirilən sosial islahatları, tətbiq olunan innovasiyaları, eyni zamanda rəqəmsallaşma və elektronlaşdırma istiqamətində əldə olunan uğurları beynəlxalq ictimaiyyətə çatdırmaq, bu yenilikləri onlarla bölüşmək üçün çox yaxşı fürsətdir".