Ötən ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bu yana 44,3 mindən çox fələstinli ölüb, 105 minə yaxın fələstinli isə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin teleqram kanalında məlumat verilib.

“2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 44 330 nəfərə yüksəlib, daha 104 933 nəfər isə yaralanıb”, - qurumun icmalında deyilir.

Həmçinin qeyd edilir ki, son sutka ərzində anklavda İsrailin bombardmanları və top atəşləri nəticəsində 48 nəfər ölüb, 53 nəfər yaralanıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından və sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi, 240-dan çox girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girov götürülənlərin hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza zolağında döyüşlər bu gün də davam edir.