"Grand Theft Auto VI" (GTA 6) videooyununun satışa çıxarılmasından sonra ABŞ-nin müxtəlif bölgələrindəki polis departamentləri oyunçulara bu oyundakı cinayətləri real həyata daşımamaları və real həyatdakı cinayətlərin ağır bədəli olduğu barədə xəbərdarlıq edib.

Oyun həvəskarları son buraxılışdan 13 il sonra çıxan "GTA 6"-nı səbirsizliklə gözləyərkən, ABŞ-nin fərqli ştatlarının polis idarələrindən ard-arda maraqlı və ciddi xəbərdarlıq mesajları gəlib.

Ölkənin ən böyük meqapolislərindən biri olan Atlanta Polis Departamenti sosial media hesabında paylaşdığı müraciətdə "GTA real məkan deyil, amma Atlanta realdır" ifadəsini işlədib. Oyunun böyük həyəcanla gözlənildiyinə diqqət çəkilən açıqlamada deyilir: "Atlanta Polis Departamentindən sizə dostcasına bir xəbərdarlıq: Oyunu oynayın, amma özünüzü oyuna qapdırıb həbsxanaya düşməyin. Virtual əyləncəni real həyatdakı qərarlarla qarışdırmayın. Sərxoş halda avtomobil idarə etmək, diqqətsiz sürücülük, avtomobil oğurluğu və zorakılıq real həyatda ciddi nəticələr doğurur. Bunları oyunun içində saxlayın, küçələrimizə daşımayın."

Denver Polis Departamentinin paylaşımında isə belə yazılıb: "Zəhmət olmasa, bütün GTA fəaliyyətlərini videooyun sərhədləri daxilində saxlayın. Dostcasına xatırlatma: Avtomobil oğurluğu hələ də qanunsuzdur. Polisdən qaçmaq hələ də qanunsuzdur. Beş ulduz qazanmaq bizim verəcəyimiz bir nailiyyət deyil."

Arizona ştatındakı Pima dairəsinin polisi də bölgənin oyundakı şəhərləri xatırlatdığını, lakin real olduğunu vurğulayaraq bildirib: "Real həyat qaydalarında hiylə kodları, yenidən canlanma və ya tapşırığı yenidən başlatma kimi şeylər yoxdur. Xoş oyunlar, məsuliyyətlə oynayın və unutmayın ki, təhlükəsiz və məsuliyyətli oyun oynamaq hər zaman qazancdır."

San-Antonio Polis Departamentinin yayımladığı videoda "Oyun bacarıqlarınızı real həyatda görməkdən nifrət edərik. Yaxşı oynayın, məsuliyyətli yaşayın" mesajı verilib. San-Xuan Polis Departamenti isə xəbərdarlığını qısa və konkret ifadə edib: "Bilirik çox həyəcanlısınız, bilirik çox gözlədiniz, lakin GTA 6-da olan GTA 6-da qalır."

Mənbə: Anadolu Ajansı

Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov