Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apararaq stent yerləşdirib.

Oxu.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Nazirin sözlərinə görə, bu tibbi müdaxilə infarktın qarşısını vaxtında almağa kömək edib.

"Mənim üçün xüsusi bir iş günü oldu. Xidməti vəzifələrimi icra etməklə yanaşı, bir həkim olaraq həmkarımı əməliyyat etdim və stent qoydum. Xoşbəxtlikdən, infarktın qarşısını vaxtında ala bildik", - deyə Osmonov yazıb.

O, həkim sirrini pozmayaraq, əməliyyat etdiyi nazirin adını açıqlamayıb.

Nazirliyin rəhbəri vurğulayıb ki, dövlət qulluğu yüksək məsuliyyət və daimi gərginliklə müşayiət olunur, lakin tutduğu vəzifədən asılı olmayaraq, hər bir insanın sağlamlığı vacibdir. O, həmkarına tezliklə sağalmağı arzulayıb. Xatırladaq ki, Damir Osmonov Səhiyyə Nazirliyinə bu ilin fevral ayının sonunda rəhbər təyin edilib.