"GTA VI" oyunu dünya üzrə satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edərək əyləncə sənayesi tarixində mütləq rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə oyunun naşiri, "Rockstar Games" studiyasının ana şirkəti "Take-Two Interactive"in rəsmi press-relizində bildirilib.
Yeni oyun 13 ildən sonra təqdim olunan seriyanın növbəti əsas hissəsidir. Onun hazırlanmasına səkkiz il sərf edilib.
Oyunun uğurlu satış göstəriciləri təqdimatdan əvvəl yaranmış yüksək tələbatla əlaqələndirilir. Belə ki, rəsmi buraxılışdan əvvəl oyunçular 32,5 milyon nüsxə üçün ilkin sifariş veriblər. Oyunun standart versiyasının qiyməti 80, genişləndirilmiş versiyasının qiyməti isə 100 dollar təşkil edib.
Bu göstəricilər seriyanın 2013-cü ildə təqdim olunmuş əvvəlki hissəsi "GTA V"in nəticələrini üstələyib. Belə ki, "GTA V" satışa çıxarıldığı ilk sutkada 800 milyon dollar gəlir əldə edib, bir milyard dollarlıq həddi isə üç gün ərzində keçib.
Oyunun kommersiya uğuru tənqidçilərin yüksək qiymətləri ilə də müşayiət olunub. "Metacritic" platformasında "GTA VI" mümkün 100 baldan 99-nu toplayaraq platformanın tarixində "The Legend of Zelda: Ocarina of Time" oyunu ilə birinci pilləni bölüşüb.
Oyunun təqdimatı münasibətilə "Take-Two Interactive" şirkəti hadisələrin cərəyan etdiyi uydurma Vays-Siti şəhərinin prototipi olan Mayamidə genişmiqyaslı reklam kampaniyası təşkil edib. Kampaniya çərçivəsində NBA-nın "Mayami Hit" klubunun arenasında da tədbir keçirilib.
"Grand Theft Auto VI"nın təqdimatı ilə "Rockstar Games"in tarixində yeni səhifə açırıq. Buna görə böyük minnətdarlıq hissi keçiririk", - deyə studiyanın prezidenti və həmtəsisçisi Sem Hauzer bildirib.
Bu xəbərlər fonunda "Take-Two Interactive" şirkətinin səhmləri birja hərraclarında 2,7 faiz bahalaşıb.
Naşir oyunun konsollar üçün buraxılışını gəlir əldə etməyin yalnız ilk mərhələsi kimi qiymətləndirir. Gələcəkdə "GTA VI"nın kompüter versiyasının təqdim olunması və onlayn rejimin istifadəyə verilməsi gözlənilir.
00:24
"GTA VI" oyununun satışından və ilkin sifarişlərindən əldə olunan gəlir bir gün ərzində 2,36 milyard dolları ötüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sensor Tower" analitik şirkətinin statistik məlumatlarında bildirilib.
Məlumata görə, bir gün ərzində oyunun 24,58 milyondan çox nüsxəsi satılıb. Alıcıların təxminən 75 faizi "GTA VI"nın "PlayStation 5", 25 faizi isə "Xbox" versiyasına üstünlük verib.
"PlayStation" istifadəçiləri oyunun yaradıcısı "Rockstar Games" şirkətinə 1,77 milyard dollar, "Xbox" istifadəçiləri isə 588 milyon dollar gəlir qazandırıblar.
"GTA VI" noyabrın 19-da, seriyanın əvvəlki əsas hissəsinin təqdimatından 13 il sonra satışa çıxarılıb. Oyundakı hadisələr ABŞ-nin Florida ştatından ilhamlanaraq yaradılmış uydurma Leonida ştatında, o cümlədən Mayaminin müasir versiyasını xatırladan Vays-Siti şəhərində cərəyan edir.
Seriyanın tarixində ilk dəfə olaraq əsas süjet xəttində iki baş qəhrəman yer alıb. Ceyson Düval və Lusiya Kaminos məşhur Bonni və Klayd cütlüyünü xatırladan, bir-birinə aşiq cinayətkarlardır.
Oyun dünya miqyasında böyük marağa səbəb olub. "The Telegraph" nəşrinin məlumatına görə, bir çox oyunçu "GTA VI"nın satışa çıxması ilə əlaqədar işdən icazə götürüb. Böyük Britaniyada isə bəzi məktəblər şagirdlərin dərsə davamiyyəti ilə bağlı problemlərlə üzləşiblər.
Hətta Paris meri Emmanuel Qreqoarın noyabrın 19-na keçən gecə oyunun təqdimatı ilə əlaqədar şəhər şurasının iclasına gecikdiyi ehtimal olunub.
"GTA VI", həmçinin "PlayStation Store" və "Microsoft Store" rəqəmsal mağazalarının tarixində ən çox ilkin sifariş verilən oyun olub.
Oyunun ilkin sifarişlərdən əldə etdiyi gəlir satışa çıxarılmasından əvvəl bir milyard dollar həddini keçib.