Dünyanın dörd bir yanından milyonlarla oyun həvəskarının 13 illik gözləntisi sona çatdı. 13 illik gözləntinin sonunda satışa çıxarılan və qlobal bir oyun çılğınlığına çevrilən "Grand Theft Auto VI" (GTA 6) ilk 24 saatda 3,79 milyard dollar gəlir əldə edərək indiyədək görülmüş ən böyük əyləncə məhsulu açılışına imza atıb.
Cinayət ortaqları Lusiya və Ceyson cütlüyünün neon işıqlarla bəzədilmiş "Vice City" küçələrində macəraya atıldığı döyüş-macəra oyunu "Grand Theft Auto"nun son buraxılışı qlobal çılğınlıqla yanaşı, yeni bir rekordu da yeniləyib.
Oyunun yaradıcısı "Rockstar Games" şirkəti cümə axşamı baş tutan buraxılışdan sonra əldə olunan rəqəmləri paylaşıb. Hələ satışa çıxmazdan əvvəl 32,5 milyon ədəd ön sifariş alan "GTA 6"-nın ilk gündə qazandığı 3,79 milyard dollarlıq gəlir, sələfi "GTA 5"-in 2013-cü ildə ilk gündə qazandığı təxmini 800 milyon dolların təxminən beş qatına çatıb. "GTA 5" bu günə qədər ilk 24 saatda ən çox satılan videooyun hesab olunurdu.
"Avengers"i də geridə qoydu
"GTA 6" həmçinin təxminən 2,94 milyard dollarlıq qlobal kassa gəliri əldə edən bütün zamanların ən çox gəlir gətirən filmi "Avengers: Endgame"i də geridə qoyub.
"Rockstar Games"in prezidenti və qurucusu Sem Hauzer "Dünyanın dörd bir yanındakı oyunçuların göstərdiyi marağa görə son dərəcə minnətdarıq" deyərək "GTA 6"-nın çıxışını şirkət üçün "yeni bir dövrün başlanğıcı" kimi səciyyələndirib.
İnvestorlar "Rockstar Games"in ana şirkəti "Take-Two Interactive"in "GTA 6"-nın kompüter (PC) versiyası və onlayn rejiminin nə vaxt satışa çıxarılacağı ilə bağlı planlarını açıqlamasını gözləyirlər. Çoxoyunçulu onlayn rejim oyunun uzunmüddətli və müntəzəm gəlir gətirməsində həlledici əhəmiyyət daşıyır.
Qlobal çılğınlıq
18 noyabrı 19 noyabra bağlayan gecə saat 00:00-da (Türkiyə saatı ilə) istifadəyə verilən oyun hazırda yalnız PlayStation 5, PS5 Pro və Xbox Series X/S konsollarında oynanıla bilir və cihazlarda təxminən 212 GB boş yaddaş sahəsi tələb edir.
2013-cü ildə buraxılan "GTA 5"-in davamı olan bu hissə uğursuz bir bank soyğunundan sonra böyük bir sui-qəsdin ortasında qalan Lusiya Kaminos və Ceyson Duval adlı cinayət cütlüyünün sağ qalma mübarizəsindən bəhs edir. Lusiya Kaminos seriyanın üçölçülü kainatındakı ilk qadın baş qəhrəman kimi yer alır. Hadisələr ABŞ-nin Florida ştatından ilhamlanan uydurma Leonida ştatında və Mayami əsasında yaradılmış "Vice City" şəhərində cərəyan edir.
Oyunsevərlərin 13 ildən artıqdır gözlədiyi "GTA 6" qlobal çılğınlığa çevrilib. Bu gözlənti müddətində bəzi pərəstişkarlar oyunu fasiləsiz oynaya bilmək üçün işdən icazə alarkən, partnyorları ilə simvolik "oyun müqavilələri" imzalayanlar belə olub. Ən böyük marağı isə oyun salonları görüb — müştərilər oyunu çıxdığı gün oynaya bilmək üçün həftələr, hətta aylar əvvəldən yer rezervasiya etdiriblər.
Oyun konsolu satışları artdı
"GTA 6" çılğınlığı oyun konsolu satışlarına da təsir edib. Onlayn ticarət platforması "Hepsiburada"nın məlumatlarına görə, 9-18 noyabr tarixləri arasında əvvəlki dövrlə müqayisədə oyun konsolu satışları 67 faiz, PlayStation 5 (PS5) satışları 88 faiz, "GTA 6" axtarışları isə 654 faiz artıb. Həmin dövrdə oyun pultu satışları 74 faiz, konsol aksesuarları satışları isə təxminən 53 faiz yüksəlib.
Mənbə: NTV Haber / Reuters
Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov