Kosmosda səkkiz il və 10 milyard kilometrlik səyahətdən sonra Merkuriyə doğru irəliləyən inqilabi rentgen teleskopu uzaq bir kosmik obyektin ilk müşahidələrini qeydə alıb və alimlərin gözlədiyindən də yaxşı nəticə göstərir. Bu cihaz tezliklə Merkurinin gizli kimyəvi sirlərini üzə çıxara və Günəş sisteminin ən kiçik planetinin necə formalaşdığına dair anlayışımızı dəyişə bilər.
Böyük Britaniyada hazırlanmış bu cihaz səmadakı ən parlaq rentgen mənbələrindən biri olan Xərçəng dumanlığından (Crab Nebula) gələn rentgen şüalarını uğurla aşkar edib. Bu, Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) birgə "BepiColombo" missiyası üçün mühüm bir mərhələdir.
Lester Universitetinin alimləri hazırda iki kosmik gəmidən ibarət missiyanın göyərtəsində yerləşən Merkuri Görüntüləmə Rentgen Spektrometrini (MIXS) qiymətləndirirlər. Onların ilkin nəticələri olduqca ümidvericidir və "BepiColombo"nun 21 noyabrda Merkuri ətrafında orbitə çıxmağa hazırlaşdığı bir vaxta təsadüf edir.
Teleskop kosmosda səkkiz il keçirdiyi üçün onun həssas komponentlərinin hələ də düzgün işlədiyini təsdiqləmək vacib idi. Mühəndislər səyahət boyunca MIXS-ə nəzarət etsələr də, cihaz sentyabr ayına qədər birbaşa kosmosa baxa bilmirdi. Bu fürsət Merkuri Transfer Modulu (MTM) iki elmi aparatdan — Merkuri Planetar Orbiteri (MPO) və Merkuri Maqnitosfer Orbiterindən (Mio) ayrıldıqdan sonra yarandı.
6500 işıq ili uzaqlığa ilk baxış
Komanda ilk astronomik hədəf kimi Yerdən təxminən 6500 işıq ili uzaqlıqda yerləşən Xərçəng dumanlığını seçib. Partlamış bir ulduzun yaxşı öyrənilmiş bu qalığı güclü və proqnozlaşdırıla bilən rentgen siqnalı yayır ki, bu da teleskopun işini sınaqdan keçirmək üçün ideal istinad nöqtəsidir.
Əsas müşahidə kampaniyası sentyabrın 11 və 12-də baş tutub. 39 saat ərzində kosmik gəmi məlumat toplamaq üçün istiqamətində 55 diqqətlə idarə olunan dəyişiklik edib. Müqayisələr göstərib ki, MIXS 2015-ci ildə Yer kürəsindəki laboratoriya sınaqları zamanı əldə etdiyindən bir qədər daha kəskin görüntü dəqiqliyi təqdim edib.
Kosmosda səkkiz ildən sonra gözləniləndən daha yaxşı nəticə
MIXS üzrə baş tədqiqatçı və Lester Universitetinin Kosmos İnstitutunun direktoru professor Emma Bans nəticələri böyük nailiyyət kimi qiymətləndirib:"MIXS ilə ölçmələr aparmaq üçün uzun müddət gözlədik və onun kosmosda möhtəşəm işlədiyini görmək fantastikdir. MIXS-dəki texnologiyanın 80%-i yenidir! Kalibrləmə müşahidələri zamanı müəyyən etdik ki, təsvirlərimizdə kənar işıq təsirləri yoxdur və detektor kosmosda 8 ildən sonra heç bir radiasiya zədəsi almayıb."
Rentgen şüaları Merkurinin gizli kimyasını necə üzə çıxaracaq?
"BepiColombo" missiyası Merkurini misli görünməmiş təfərrüatlarla araşdırmaq üçün hazırlanıb. MIXS planetar elm missiyasında fəaliyyət göstərən ilk görüntüləmə rentgen teleskopudur. O, digər elmi cihazlarla birlikdə Merkuri səthini təşkil edən elementləri göstərən qlobal xəritə hazırlamağa kömək edəcək və planetin atom tərkibini indiyə qədər olduğundan daha dəqiq üzə çıxaracaq.
Cihaz Merkuri səthindəki qayaların yaydığı flüoresan rentgen şüalarını aşkar etməklə işləyir. Günəşdən gələn güclü rentgen şüaları bu qayalara dəydikdə, materialın içindəki atomlar özlərinə məxsus rentgen şüaları buraxır. Müxtəlif elementlər fərqli siqnallar yaratdığı üçün alimlər fiziki nümunələr toplamadan səthin nədən ibarət olduğunu müəyyən edə biləcəklər.
Lester Universitetinin alimi Dr. Adrian Martindeyl 2003-cü ildə hələ bakalavr tələbəsi olarkən bu layihəyə qoşulduğunu və cihazın demək olar ki, hər bir detalına toxunduğunu bildirərək deyib: "Bu ilk məlumatlar məni heyran edir. Bu teleskopla sonuncu dəfə Lesterdəki zirzəmidə baxmışdıq, amma raket buraxılışından, kosmosda səkkiz ildən və 10 milyard kilometr məsafədən sonra o, eyni cür işləyir."
Merkuriyə yekun gəliş
"BepiColombo"nun 21 noyabrda Merkuri ətrafında orbitə daxil olması, iki elmi aparatın (MPO və Mio) isə dekabrın 9-10-da bir-birindən ayrılması planlaşdırılır. Missiyanın əsas elmi mərhələsi 2027-ci ilin aprelində başlayacaq. Bu mərhələdə cihazlar Merkurinin səthini, daxili quruluşunu və maqnit sahəsini araşdıraraq Günəşə yaxın olmasına baxmayaraq hələ də sirli qalan bu planetin tarixini aydınlaşdıracaq.
Mənbə: ScienceDaily / Lester Universiteti
Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov