"Dövlət qulluğuna qəbul üzrə test imtahanı mərhələsinin strukturunda mühüm dəyişikliklərin gözlənilməsi ilə bağlı məlumatın heç bir hüquqi əsası yoxdur".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin 23.8-ci maddəsinə əsasən test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və "Dövlət qulluğu sertifikatı"nın verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək:

"Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanında sözügedən Qaydaların hazırlanması üçün beş ay müddət müəyyən edilib.

Test imtahanının məzmunu ilə bağlı məsələlər müəyyən edildikdən sonra həmin Qaydalarda öz əksini tapacaq", - deyə məlumatda qeyd olunub.