Azərbaycanda adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu başlayıb.
Sizinxeber.Az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və "AzInTelecom" MMC-nin birgə məlumatında bildirilib.
Məlumata görə, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılıb. Noyabrın 13-də saat 15:00-dan etibarən müraciətlərin qəbuluna başlanılıb.
Vətəndaşların müraciətləri "Mygov" portalında yerləşən "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə qəbul edilir. Sistemin hər kəs üçün bərabər şəraitdə və real vaxt rejimində fəaliyyət göstərməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində dayanıqlılıq və təhlükəsizlik testləri aparılıb. Tətbiq olunan informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə sistemin fasiləsiz fəaliyyəti təmin edilib və daimi nəzarətdə saxlanılır.
Qeyd olunub ki, ipoteka kreditləşməsi prosesində ilk dəfə vətəndaşlar müraciətlərini "SİMA İmza"nın biometrik identifikasiya funksiyası vasitəsilə təsdiqləyiblər.
Əlverişli şərtlər və aşağı faiz dərəcələri səbəbindən ipoteka kreditlərinə tələbat yüksək olub. Belə ki, elan edilmiş vaxtda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində kredit əldə etmək üçün 1 393 nəfərin müraciəti qeydə alınıb. Ümumilikdə isə müraciətlərin sayı 6 848 olub.
İpoteka kreditləşməsi üzrə müraciətlərin qəbulundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun davam etdirilir.