DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini vəzifəsində çalışan Teymur Hacıyev işdən qərəzli şəkildə çıxarıldığını iddia edir.

“Sizinxeber.Az” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında əmək və əhalinin sosial müdafiəsi naziri, DOST Agentliyinin Müşahidə Şurasının sədri Anar Əliyevə ünvanladığı açıq məktubda bildirib.

T.Hacıyev iddia edir ki, rəhbərliyə qeyri-obyektiv və birtərəfli şəkildə məlumat təqdim edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilib. Nazirlə görüşmək istəsə də, buna şərait yaradılmayıb: “2026-cı ilin sentyabr ayında barəmdə irəli sürülmüş ittihamlarla əlaqədar əvvəlcə DOST Agentliyində, daha sonra isə nazirlikdə xidməti araşdırmalar aparılıb. Araşdırmanın bütün mərhələlərində əməkdaşlıq etmiş, yazılı izahatlar vermiş və mövqeyimi əsaslandıran məlumatları təqdim etmişəm. 2 oktyabr tarixində DOST Agentliyində araşdırma yekunlaşıb və aidiyyəti üzrə təqdim edilib. Agentlikdə və nazirlikdə aparılan araşdırmalar nəticəsində mənə qarşı irəli sürülmüş ittihamların öz təsdiqini tapmadığı aydın qeyd olunub. Bu, araşdırmanın mühüm nəticəsi olsa da, sonrakı mərhələdə barəmdə əmək müqaviləsinə xitam verilməsi kimi ağır nəticə doğura biləcək qərar formalaşdırıb.

Məruzədə digər məsələlərə dair yer alan qiymətləndirmələr də konkret hüquq pozuntusunu və əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini kifayət qədər əsaslandırmır”.

Teymur Hacıyev həmçinin iki övladı olduğunu, onlardan birinin autizm spektr pozuntusu ilə bağlı xüsusi dəstəyə ehtiyacı olduğunu vurğulayıb. Qeyd edib ki, övladının inkişafına dəstək göstərilməsi, onun reabilitasiya, mütəxəssis nəzarəti və inkişaf tədbirləri uzunmüddətli, ardıcıl və ciddi maliyyə təminatı tələb edir. Bundan əlavə, ailəsinin ipoteka və digər kredit öhdəlikləri mövcuddur. Belə bir məqamda işini itirməsi əlilliyi olan övladının da reabilitasiya imkanlarını məhdudlaşdırır.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Teymur Nadir oğlu Hacıyevin şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırılıb. Onun fəaliyyətində buraxdığı ciddi nöqsanlar öz təsdiqini tapıb və işdən azad edilməsi ilə bağlı qərar qəbul edilib”.