Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 2027-ci ildə əməkhaqqı və sosial ödənişlərin artırılması məqsədilə dövlət və icmal büdcələrdə müvafiq maliyyə təminatının yaradıldığını bildirib.
Sizinxeber.Az xəbər verir ki, nazir bu barədə Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünkü iclasında çıxışı zamanı deyib.
Anar Əliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı tədbirlər növbəti ildə də davam etdiriləcək.
Nazirin sözlərinə görə, Yeni Azərbaycan Partiyasının 8-ci Qurultayında ölkə başçısı tərəfindən verilmiş tapşırığa uyğun olaraq, əməkhaqqı və sosial ödənişlərin artırılması məqsədilə növbəti - 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcəsində müvafiq maliyyə təminatı yaradılıb.
O bildirib ki, son 8 ildə 4 milyon vətəndaşı əhatə edən 5 böyük sosial islahat zərfi icra edilib və bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat təşkil edib.
"Görülmüş tədbirlər nəticəsində cari tarixə orta aylıq pensiyanın məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10.4% artaraq 596 manata, yaşa görə pensiyanın orta məbləği isə 10% artaraq 634 manata, orta aylıq əməkhaqqı 7.2% artaraq 1 173 manata çatıb", - deyə nazir bildirib.
Onun sözlərinə görə, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər 8.4% artaraq 1.9 milyard manat olub. Əmək pensiyalarının orta məbləğinin orta aylıq əməkhaqqına nisbəti 50.8%, yaşa görə pensiyada isə 54% təşkil edib.
Anar Əliyev bildirib ki, 2027-ci ildə də dövlət və icmal büdcələr sosial yönümlüyünü saxlayacaq.
"2027-ci ilin dövlət büdcəsində sosial xərclər 222.7 milyon manat və ya 1.7% çox olmaqla 13.0 milyard manat, sosialyönümlü xərclər isə 1.6 milyard manat və ya 9.2% çox olmaqla 18.7 milyard manat nəzərdə tutulur", - deyə nazir qeyd edib.
O əlavə edib ki, sosialyönümlü xərclərin növbəti ilin dövlət büdcəsindəki çəkisinin 44.2%-ə yüksələcəyi, ÜDM-də payının isə 13.3% olacağı gözlənilir. Cari ildə bu göstərici 12.4% təşkil edir.
Nazirin sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 914 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu, təqribən 1% çoxdur.
Anar Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin beynəlxalq metodologiya əsasında apardığı hesablamalara əsasən, 2027-ci ilin icmal büdcə layihəsində sosial xərclərin məbləğinin 20.5 milyard manat, ÜDM-də payının isə 14.5% olacağını bildirib.
Nazir 2027-ci il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət büdcəsi barədə də məlumat verib. O bildirib ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa və digər əlaqədar qanunvericilik aktlarına uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il üçün büdcə layihələri hazırlanıb, həmçinin əhaliyə ödənişlər üzrə dövlət büdcəsi layihəsində ƏƏSMN üçün nəzərdə tutulan vəsait proqnozlaşdırılıb.
Nazirin sözlərinə görə, sözügedən layihələr ölkənin iqtisadi və sosial inkişafı, əhalinin sosial rifahının gücləndirilməsi, məşğulluq imkanları, demoqrafik vəziyyət, əmək ehtiyatları və bir sıra əsas makroiqtisadi proqnozlar əsasında tərtib edilib.
Anar Əliyev qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsinin layihəsində ƏƏSMN-nin fəaliyyət istiqamətləri üzrə əhaliyə ödənişlərin, həssas kateqoriyadan olan əhali üzrə tibbi sığorta xərclərinin, habelə haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi üçün 5 milyard 503 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
O bildirib ki, dövlət büdcəsi layihəsində müavinət, təqaüd və kompensasiyalar istiqaməti üzrə ümumilikdə 2 milyard 200 milyon manat, aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımı üzrə isə 470 milyon manat vəsait proqnozlaşdırılır.
Nazir əlavə edib ki, sığorta-pensiya sistemində dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi məqsədilə 1 milyard 600 milyon manat vəsait nəzərdə tutulub. İcbari tibbi sığorta çərçivəsində dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları üçün gələn ilin dövlət büdcəsində 1 milyard 100 milyon manat vəsaitin ayrılması planlaşdırılıb.
Anar Əliyev, həmçinin işsiz şəxslərin sosial müdafiəsi məqsədilə icra olunan haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi üçün növbəti ilin büdcəsində 133.5 milyon manat vəsait nəzərdə tutulduğunu bildirib.
Nazir Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üçün gəlirlərinin 9 milyard 221 milyon manat nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, bu, 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 897.4 milyon manat və ya 10.8% çoxdur.
O bildirib ki, Fondun 2027-ci il üçün gəlirlərinin 82.3%-nin və ya 7 milyard 587 milyon manatının məcburi dövlət sosial sığorta daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu, cari ilin təsdiq edilmiş göstəricisindən 995.4 milyon manat və ya 15.1% çoxdur.
Anar Əliyev qeyd edib ki, büdcədən maliyyələşən təşkilatlar üzrə 2027-ci il üçün daxilolmalar 2.5 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 5.1 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər ümumi sosial sığorta haqlarının 67.5%-ni təşkil edir.
Nazirin sözlərinə görə, 2026-cı ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2027-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmaların 17% və ya 357.9 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmaların isə 14.2% və ya 637.5 milyon manat artımla proqnozlaşdırılması nəzərdə tutulur.
O bildirib ki, 2027-ci ildə sığorta-pensiya sistemində dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1.6 milyard manat həcmində proqnozlaşdırılır. Bu, 2026-cı il üzrə təsdiqlənmiş müvafiq göstəricidən 100 milyon manat və ya 5.9% azdır.
Anar Əliyev diqqətə çatdırıb ki, dövlət büdcəsindən ayrılan bu vəsaitin DSMF-nin gəlirlərindəki payının 2017-ci ildəki 38%-dən gələn il 17.4%-ə düşməsi proqnozlaşdırılır. O bunu Fondun özünümaliyyələşdirmə qabiliyyətinin artması ilə əlaqələndirib.
Nazir əlavə edib ki, DSMF-nin 2027-ci il üçün büdcə layihəsində Fondun ilin əvvəlinə olan sərbəst vəsaitindən 52.0 milyon manatın növbəti ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur.
Anar Əliyev bildirib ki, Fondun 2027-ci il üzrə ümumi xərclərinin 9 milyard 273 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu, 2026-cı il üzrə təsdiq olunmuş xərclərdən 789.5 milyon manat və ya 9.3% çoxdur.
O qeyd edib ki, xərclərin 96.5%-i və ya 8 milyard 950 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2025-ci illə müqayisədə 1.7 milyard manat, 2026-cı illə müqayisədə isə 753.6 milyon manat çoxdur.
Nazirin sözlərinə görə, bu məbləğin 8 milyard 669 milyon manatı əmək pensiyalarının, 280.6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür.
Anar Əliyev 2027-ci ildə əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı gözləntiləri də açıqlayıb.
"Hazırkı proqnoz göstəricilərinə əsasən, 2027-ci ildə əmək pensiyalarının təqribən 7.5% səviyyəsində indeksləşdirilməsi, bu məqsədlə 575.5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb", - deyə nazir bildirib.
O əlavə edib ki, buna uyğun olaraq, əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə pensiyaların orta məbləğinin 680 manat olması gözlənilir. Gələn ilin orta aylıq əməkhaqqına nisbətdə bu göstəricilərin müvafiq olaraq 50% və 53% təşkil edəcəyi proqnozlaşdırılır.
Nazir İşsizlikdən Sığorta Fondunun 2027-ci il üçün gəlirləri barədə də danışıb. O bildirib ki, gəlirlər 268.9 milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 30.6 milyon manat və ya 12.8% çoxdur.
Anar Əliyev qeyd edib ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri işsizlikdən sığorta haqları hesabına formalaşır. 2026-cı ilin təsdiq edilmiş göstəricisinə nisbətdə 2027-ci il üçün sığorta haqları üzrə daxilolmanın 30.6 milyon manat və ya 12.9% çox proqnozlaşdırılması nəzərdə tutulur.
Nazirin sözlərinə görə, sığorta haqları üzrə yığımın 77.7%-i qeyri-büdcə sektorunun payına düşəcək. Fondun əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 50.3 milyon manatın 2027-ci ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur.
O bildirib ki, Fondun 2027-ci il üzrə xərclərinin 319.2 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu, cari ilin təsdiqlənmiş göstəricisindən 52.8 milyon manat və ya 19.8% çoxdur.
Anar Əliyev qeyd edib ki, 2027-ci ildə İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir. O cümlədən, 173 min şəxsin işlə təmin olunması, 14.5 min şəxsin özünüməşğulluq proqramına, 18.5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi proqnozlaşdırılır.
Nazir əlavə edib ki, 2027-ci il ərzində 15.6 min şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi proqnozlaşdırılır.
O bildirib ki, 2027-ci ildə məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə İşsizlikdən Sığorta Fondunun xərclərinin 61%-nin və ya 194.2 milyon manatının yönəldilməsi proqnozlaşdırılır. O cümlədən, işsizlikdən sığorta ödənişi üzrə 36.0 milyon manat vəsait nəzərdə tutulur.
Anar Əliyev çıxışında növbəti il imtiyazlı şəxslərə mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin verilməsi proqramlarının da davam etdiriləcəyini bildirib.
Nazirin sözlərinə görə, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2027-ci il ərzində 600 mənzilin alınması üçün 40 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
O əlavə edib ki, tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, habelə əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatı üçün 30 milyon manatdan çox vəsait ayrılması planlaşdırılır.