Azərbaycanda uşağa qulluğa görə müavinət almaq hüququnun yeni qaydada müəyyənləşdirilməsi nəzərdə tutulur.
Sizinxeber.Az xəbər verir ki, bu məsələ "Sosial sığorta haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, uşağa qulluğa görə müavinətin təyin edilməsi üçün ən azı 6 ay sosial sığorta stajı tələbi müəyyən olunacaq.
Hazırda uşağa qulluğa görə müavinətin təyin edilməsi üçün ən az sosial sığorta stajı tələbi müəyyənləşdirilmədiyindən əmək münasibətlərinin rəsmiləşdirilməsi prosesinin elektronlaşdırılması və prosedurların sadələşdirilməsi şəraitində sığortaolunanın əmək bazarına faktiki inteqrasiyası olmadan qısa müddətdə işə qəbul edilməsi və daha sonra uşağa qulluğa görə sosial məzuniyyətdən istifadəsi halları mümkündür. Bu isə yalnız dövlət vəsaiti hesabına verilən müavinəti əldə etmək məqsədilə formal əmək münasibətlərinin yaradılması, eləcə də yaxın qohumlar və digər şəxslər arasında belə münasibətlərin qurulması yolu ilə sistemdən sui-istifadə risklərini artırır.
Qeyd olunan risklərin qarşısının alınması, sosial sığorta sistemində vahid yanaşmanın təmin edilməsi və uşağa qulluğa görə müavinətin təyin olunması mexanizminin digər analoji sosial sığorta ödənişləri ilə uyğunlaşdırılması məqsədilə həmin müavinətin təyin edilməsi üçün 6 ay sosial sığorta stajı tələbinin müəyyənləşdirilməsi təklif olunur.
Eyni zamanda, hazırda uşağa qulluğa görə müavinətin məbləği uşağın bir yaş yarımadək dövr üçün 44 manat, yaşyarımdan üç yaşadək dövr üçün isə 28 manat təşkil edir və bu məbləğlər sonuncu dəfə 2018-ci ildə artırılıb. Mövcud makroiqtisadi göstəricilər, o cümlədən minimum əməkhaqqı və orta aylıq əməkhaqqı ilə müqayisədə həmin məbləğlərin aşağı səviyyədə qalması bu sahədə əlavə tədbirlərin görülməsini zəruri edir.
Lakin uşağa qulluğa görə müavinətin alınması üçün minimum sosial sığorta stajı tələbinin olmaması qısamüddətli sığortalanma yolu ilə sosial sığorta sistemindən sui-istifadə hallarının yaranmasına səbəb ola bilər. Bu risklərin mövcudluğu isə müavinətin məbləğinin artırılması ilə bağlı daha geniş tədbirlərin həyata keçirilməsini məhdudlaşdırır.
Bu baxımdan, uşağa qulluğa görə müavinətin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi, sosial sığorta sistemində vahid yanaşmanın formalaşdırılması, mümkün sui-istifadə hallarının qarşısının alınması və gələcəkdə həmin müavinətin məbləğinin layiqli həddə çatdırılması məqsədilə 6 ay sosial sığorta stajının müəyyənləşdirilməsi təklif olunur.