"Torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı yekun hədəfimiz həmin ərazilərin 50 faizinin investisiya məqsədilə, digər 50 faizinin isə kənd sakinlərinə təqdim edilməsidir".

Sizinxeber.Az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O, burada əsas məqsədin kənd təsərrüfatı ilə məşğul olan fermerin mütləq gəlir əldə etməsi olduğunu bildirib:

"Bilirik ki, hazırda ölkə üzrə bir təsərrüfata düşən orta torpaq sahəsi 1.7 hektardır. Fermerlərimiz bu qədər torpaq sahəsindən yetərincə gəlir əldə edə bilmirlər. Hətta bir çox hallarda onların gəliri yaşayış minimumundan da aşağı olur. Bu isə əlbəttə ki, bizim istədiyimiz nəticə deyil.

Əgər fermer yaşayış minimumundan aşağı gəlir əldə edirsə, onun uzunmüddətli, sağlam və dayanıqlı şəkildə həmin sahəyə diqqət ayıracağına və inkişaf etdirəcəyinə ümid etmək çətindir.

Məhz bu baxımdan azad olunmuş ərazilərdə minimum torpaq sahəsi 5 hektar müəyyən edilib.

Bəzi kəndlərdə relyefin imkanları, yaşayış evlərinin sayı və mövcud torpaq sahələrinin həcmi nəzərə alındıqda, hər ailəyə 5 hektar torpaq ayırmaq mümkün olmur. Belə hallarda sakinlərə təklifimiz birləşmək, ailə-kəndli təsərrüfatları və ya kooperativlər yaratmaqdır.

Azad olunmuş ərazilərdə belə kooperativlərin yaradılmasının şahidi oluruq. Bəzi bölgələrdə əhalinin birgə fəaliyyət göstərmək niyyətindən asılı olaraq bu prosesin daha uğurlu getdiyini görürük. Məsələn, Xocalının Xanyurdu kəndində fermerlərin, xüsusilə qadın fermerlərin birgə kooperativ yaratması və fəaliyyət göstərməsi olduqca səmərəlidir".

O bildirib ki, bu məqsədlə sakinlərin yaşadıqları kəndlərin ətrafında 1-2 kilometr radiusda yerləşən torpaqlar parsel-parsel bölünərək, bütün zəruri infrastruktur yaradıldıqdan sonra sakinlərə verilir:

"Lakin burada minimum tələbimiz 5 hektardır. Azərbaycanın digər bölgələrində apardığımız araşdırmaların və son illərin təcrübəsinin nəticəsi olaraq bu qənaətə gəlmişik.

Torpaqların digər 50 faizi isə investisiya məqsədləri üçün nəzərdə tutulur. Bu ərazilər kəndlərdən daha uzaqda yerləşən torpaq sahələridir və investorlara müsabiqə yolu ilə icarəyə verilir.

Artıq dörd müsabiqə başa çatıb. Bunlar üzrə daxil olan 500-dən çox müraciətin təxminən 48-50 faizinin qalibləri müəyyən edilib. Bu istiqamətdə minimum tələbimiz investisiya məqsədilə 20 hektar və daha böyük torpaq sahəsinin götürülməsidir.

İnvestisiya məqsədilə heyvandarlıq, balıqçılıq, bağçılıq və əkinçilik istiqamətləri üzrə müxtəlif müraciətlər daxil olub və qaliblər müəyyən edilib. Ümumilikdə, bu yanaşmanın gələcəkdə daha da genişləndiriləcəyinə ümidliyik".