Lotereya və mərc operatorlarına xalis gəlirdən 22% vergi ödəmək, oyunçuların isə 500 manatdan yuxarı uduşlarına tətbiq edilən 10% vergidən azad olunması təklif edilir.
Oxu.az xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Vurğulanır ki, layihənin əsas mahiyyəti vergi ödəyicisinə vergitutma bazasını müstəqil seçmək imkanının verilməsidir. Ümumi dövriyyədən deyil, GGR (Gross Gaming Revenue), yəni satışdan uduşlar çıxıldıqdan sonra qalan xalis gəlirdən vergi ödənilməsi müasir dünya təcrübəsində ən ədalətli və mütərəqqi model hesab olunur.
Mövcud sistemdə dövriyyədən vergi tutulması operatorun real qazancını deyil, iştirakçıya geri qaytarılan məbləğləri də vergi yükünə salaraq daha sadə mexanizm olsa da, daha çox vergi yükü təsəvvürü yaradırdı. 22% dərəcəsi ilə GGR modelinin tətbiqi operatorların maliyyə dayanıqlığını artırır və onlara daha cəlbedici uduş fondları təklif etməyə şərait yaradır ki, bu da dolayısı ilə oyunçuların qeyri-leqal xarici saytlardan yerli leqal platformalara keçidini sürətləndirərək kölgə iqtisadiyyatının daralmasına xidmət edir.
Eyni zamanda, layihədə 2027-2029-cu illər üzrə nəzərdə tutulan minimum vergi ödəyimi (müvafiq olaraq 100%, 105% və 110%) mexanizmi dövlət və biznes arasında maraqların balansını qoruyan mühüm fiskal vasitədir. Bu yanaşma yeni vergitutma metoduna keçid zamanı büdcə daxilolmalarında yarana biləcək riskləri sığortalayır və dövlət gəlirlərinin sabitliyini təmin edir. Digər tərəfdən, bu üçillik keçid dövrü vergi ödəyicisinə öz biznes modelini yeni şərtlərə uyğunlaşdırmaq və investisiya planlarını proqnozlaşdırıla bilən hüquqi mühitdə qurmaq imkanı verir ki, bu da ölkədəki investisiya mühitinin cəlbediciliyini artırır və hüquqi müəyyənlik prinsipini gücləndirir.
Nəticə etibarilə, bu dəyişikliklərin gələcək dövrlərdə sektorda şəffaflığın artmasına, mühasibatlıq uçotunun beynəlxalq standartlara tam uyğunlaşmasına və bazarın daha rəqabətqabiliyyətli olmasına zəmin yaradacağı proqnozlaşdırılır. Belə bir kompleks yanaşmanın həm dövlət büdcəsinin maraqlarını uzunmüddətli perspektivdə sığortalayacağı, həm də sahənin sağlam və dayanıqlı inkişafı üçün zəruri hüquqi bazanı formalaşdıracağı gözlənilir.
Həmçinin bu sahədə mövcud olan beynəlxalq təcrübə göstərir ki, idman mərc oyunları sahəsində vergi yükünün balanslı şəkildə müəyyən edilməməsi oyunçuların lisenziyalı operatorlardan uzaqlaşaraq lisenziyasız və nəzarətsiz platformalara yönəlməsinə səbəb ola bilər. Bu isə öz növbəsində qeyri-rəsmi (qara) bazarın genişlənməsinə, dövlət nəzarətinin zəifləməsinə, vergi daxilolmalarının azalmasına və istehlakçı hüquqlarının müdafiəsi imkanlarının məhdudlaşmasına gətirib çıxarır.
Vergi Məcəlləsinin 102.1.26-cı maddəsinə əsasən, lotereya və idman mərc oyunları üzrə əldə olunan uduşların 500 manatadək hissəsi gəlir vergisindən azad edildiyi, həmin məbləğdən artıq hissədən isə vergi tutulduğu üçün yüksək məbləğdə uduş əldə edən oyunçuların bir qisminin vergi öhdəliyindən yayınmaq məqsədilə qeyri-rəsmi mərc platformalarına üz tutması riski yaranır. Bu baxımdan, qanuni fəaliyyət göstərən operatorların rəqabət qabiliyyətinin qorunması, oyunçuların lisenziyalı bazarda saxlanılması və qara bazarın payının azaldılması məqsədilə 500 manatdan yuxarı uduş məbləğlərindən tutulan 10 faiz dərəcəsi ilə verginin ləğv edilməsi (stimullaşdırıcı lotereyalardan əldə edilən uduşlar istisna olmaqla) və ya bu sahədə vergi yükünün optimallaşdırılması nəzərdə tutulur.
Belə yanaşma oyunçuların qanuni operatorlara marağını artırmaqla yanaşı, bazarın şəffaflığının yüksəlməsinə, dövriyyənin leqallaşmasına və uzunmüddətli perspektivdə dövlət nəzarətinin daha effektiv həyata keçirilməsinə xidmət edə bilər.