İran nümayəndə heyəti ölkənin nüvə proqramı ilə bağlı ABŞ-nin təkliflərini və münaqişəyə son qoyulması üçün mümkün razılaşmaları müzakirə etmək məqsədilə Dohaya səfər edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçının sözlərinə görə, rəsmi Tehran ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin mesajı vasitəsilə çatdırılan Vaşinqtonun təkliflərini nəzərdən keçirir.

Bununla yanaşı, İran tərəfi hələlik ABŞ rəsmiləri ilə birbaşa görüş keçirməyi planlaşdırmır. XİN rəhbəri Abbas Əraqçı münaqişənin nizamlanması üçün İranın irəli sürdüyü əsas şərtlər sırasında sanksiyaların ləğvini və regiondakı ABŞ qoşunlarının sayının azaldılmasını göstərib.

Əraqçı bildirib ki, danışıqlar zamanı İran Hörmüz boğazının açılması planının icra müddətinin iki günə endirilməsinə razılıq verib.

Bir qədər əvvəl "Al Arabiya" telekanalı mənbələrə istinadən ABŞ-nin təkliflərinin Tehranda müsbət qarşılandığını xəbər verib.

Məlumata görə, Vensin göndərdiyi mesaj yekun plan deyil, mümkün razılaşmanın ümumi prinsiplərini əks etdirir. Təklifləri ətraflı nəzərdən keçirmək üçün İran hakimiyyəti tərəfindən xüsusi komitələr yaradılıb.

Tehranın əsas tələblərindən biri Hörmüz boğazının açılması müqabilində müharibənin tam və qəti şəkildə dayandırılacağına dair zəmanət verilməsidir.

İran, həmçinin rəsmi danışıqlar başlamazdan əvvəl hərbi əməliyyatların dayandırılmasında israr edir.

İran nümayəndə heyəti Dohada Qətər tərəfi ilə birlikdə mümkün razılaşmaların yol xəritəsinin hazırlanması üzərində işləyir. Tərəflər arasında irəliləyiş əldə olunacağı təqdirdə, təklifləri müzakirə etmək üçün ABŞ nümayəndə heyətinin də Qətərə səfəri gözlənilir.