Gələn həftəyə planlaşdırılan İsrail və Livan nümayəndə heyətlərinin Romadakı növbəti danışıqlar mərhələsi oktyabr ayınadək təxirə salınıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının və İsrailin "Channel 12" telekanalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində məlumat yayıb.

"İsrail və Livanın gələn həftə Romada keçirilməsi nəzərdə tutulan növbəti danışıqlar mərhələsi təxirə salınıb. Bunun əvəzində İsrail və Livan səfirləri son hadisələri və iki ölkə arasında çərçivə sazişinin icrasını müzakirə etmək məqsədilə Vaşinqtonda ABŞ Dövlət Departamentində görüşəcəklər. Rəsmi danışıqların növbəti mərhələsi oktyabrda Romada baş tutacaq ", - deyə jurnalistə adı açıqlanmayan ABŞ rəsmisi məlumat verib.

Portalın məlumatına əsasən, bu qərarın səbəbi tərəflərin digər tədbirlərə, o cümlədən BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsinə hazırlıq görməsidir.

Qətərin "Al Jazeera" telekanalının diplomatik mənbələrə istinadən daha əvvəl verdiyi məlumata görə, İsrail və Livan münaqişənin sülh yolu ilə həllinə həsr olunmuş səkkizinci danışıqlar raundunu sentyabrın 15-16-da keçirməyi planlaşdırırdı. Telekanalın məlumatına görə, tərəflər Livan ordusunun nəzarəti altında olan cənub bölgələrində yeni pilot zonaların yaradılmasını müzakirə etməli idilər. Bundan əvvəlki mərhələ avqustun 4-6-da baş tutmuşdu. Lakin həmin görüş Livanın cənubundakı "Hizbullah" hərəkatının silahlı təxribatları səbəbindən yarımçıq qalmışdı.

İyunun 26-da Livan və İsrail ABŞ-nin himayəsi altında Vaşinqtonda keçirilən beş məsləhətləşmə raundunun yekunlarına əsasən çərçivə sazişi imzalayıblar. Həmin razılaşmaya əsasən, Livan silahlı qüvvələri bütün ölkə ərazisi üzərində effektiv suveren nəzarəti tədricən bərpa etməli, İsrail isə öz qoşunlarını tutduğu ərazilərdən çıxarmalıdır.