"Meksikanın Milli Müstəqillik Gününün ikinci dəfə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd olunması Azərbaycan-Meksika münasibətlərində yeni ənənənin əsasını qoyur".
Sizinxeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Meksikanın Milli Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib.
Hikmət Hacıyev Meksikanın Azərbaycandakı səfirinə bu təşəbbüsə görə təşəkkürünü bildirib.
"Artıq ikinci dəfədir ki, Meksikanın Milli Müstəqillik Günü məhz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilir. Bu, bizim diplomatik təcrübəmizdə yeni ənənənin əsasını qoyur", - deyə Prezidentin köməkçisi bildirib.
O qeyd edib ki, Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra diplomatik fəaliyyət baxımından yeni şəhərlər və yeni məkanlar yaranıb və bu, Azərbaycanın diplomatik coğrafiyasını əhəmiyyətli dərəcədə zənginləşdirib.
Hikmət Hacıyev xarici ölkələrin diplomatik nümayəndəliklərini gələcəkdə Şuşada və Azərbaycanın digər şəhərlərində bu kimi təşəbbüslərə qoşulmağa dəvət edib.
"Şuşa diplomatik paytaxtlardan biri kimi özünü göstərir, artıq digər ölkələrin şəhər günlərinin Şuşada keçirilməsi bunun göstəricisidir", - deyə Hikmət Hacıyev vurğulayıb. O, Şuşanın azərbaycanlılar tərəfindən ən çox ziyarət edilən, xarici qonaqların da böyük maraq göstərdiyi şəhərlərdən biri olduğunu da bildirib.
Hikmət Hacıyev qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün mövcud potensialın üzə çıxarılması hər iki ölkənin maraqlarına cavab verir.
"Bu zəngin potensialın üzə çıxarılması ölkələrimizin mənafeyi naminə imkanlar yaradır", - deyə Prezidentin köməkçisi bildirib.
Hikmət Hacıyev, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Meksika arasında sıx əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu deyib.
Hikmət Hacıyev bildirib ki, işğal dövründə Meksikanın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqe xüsusi əhəmiyyət daşıyır: "Azərbaycan və Meksika arasında münasibətlərin təməlində qarşılıqlı hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik dayanır".
Prezidentin köməkçisi iki ölkə arasında siyasi məsləhətləşmələrin və siyasi dialoqun davam etdirildiyini, beynəlxalq gündəmdəki məsələlərə münasibətdə tərəflərin bir sıra mövqelərinin üst-üstə düşdüyünü diqqətə çatdırıb.