Dünən səhər saatlarında Qara dənizdə, Odessa limanı yaxınlığında Somali bayrağı altında üzən, "Mert Marine Corporation" şirkətinə məxsus EDY yedək gəmisinə dron hücumu olub.

Oxu.Az xəbər verir ki, hadisə zamanı gəmidə ümumilikdə 10 nəfərlik heyət olub. Onlardan dördü Azərbaycan, üçü Türkiyə, ikisi Almaniya, biri isə Ukrayna vətəndaşıdır.

Qeyd olunub ki, hücumdan sonra gəmi gecə saatlarında Konstansa limanına doğru hərəkət edərkən daha iki dron hücumuna məruz qalıb. Bu hücumlar nəticəsində iki Azərbaycan vətəndaşı - dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olublar. Digər iki azərbaycanlı dənizçinin isə yaralanaraq Odessa şəhərində xəstəxanaya yerləşdirildiyi və hazırda müalicə aldıqları bildirilir.