“Coursera” platformasında bir sıra kurslar ana dilinə dublyaj olunub 
sizinxeber.az xəbər saytı

“Coursera” platformasında bir sıra kurslar ana dilinə dublyaj olunub 


1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti ilə “4Sİ Akademiyası” çərçivəsində rəqəmsal texnologiyalar sahəsində ana dilində biliklərə çıxış imkanlarının genişləndirilməsi üçün bir neçə kurs dilimizə dublyaj olunub.

"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinə (4SİM) istinadən xəbər verir.

Məlumata görə, “Milli Proqram”da sənaye 4.0 və rəqəmsal texnologiyalar sahəsində ana dilində biliklərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addım atılıb. “Milli Proqram” çərçivəsində “Coursera” platformasında daha əvvəl təqdim edilən 10 ən çox tələb olunan kursla yanaşı, daha 5 kurs dilimizə dublyaj olunaraq istifadəçilərin ixtiyarına verilib. Beləliklə, hazırda 15 ən çox tələb olunan kurs tam şəkildə ana dilimizdə təqdim olunur.

Eyni zamanda, süni intellektin dəstəyi ilə 2500-dən çox kursun Azərbaycan dilinə tərcüməsi təkmilləşdirilib, altyazılar redaktə olunub və daha təkmil şəkildə platformada yerləşdirilib.

Dublyaj olunan kurslar “DeepLearning.AI”, IBM, “Microsoft”, Stanford Universiteti və INSEAD kimi nüfuzlu texnologiya şirkətləri və təhsil müəssisələrinə məxsusdur. Kurslar süni intellekt, maşın öyrənməsi, data analitikası, layihə və məhsul idarəetməsi, proqram mühəndisliyi, blokçeyn texnologiyaları və digər müasir sahələri əhatə edir.

4SİM və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən “Milli Proqram”ın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün sənaye 4.0 sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

Azərbaycan vətəndaşları yaşından və yaşayış yerindən asılı olmayaraq bu imkandan yararlana bilərlər.

“MilliProqram” çərçivəsində “Coursera” platformasında dünyanın 350-yə yaxın nüfuzlu universitet və aparıcı texnologiya şirkətinin 12000-dən çox sahəvi kurs və təlimi istifadəçilər üçün əlçatandır.

Oxşar xəbərlər

"4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram”a qeydiyyat başlayıb
4SİM: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq
Azərbaycanda 10 min nəfər “4Sİ Akademiyası” çərçivəsində ödənişsiz kurslardan yararlanıb
“Azerconnect Group” “4Sİ Akademiyası - Milli Proqram”ın tərəfdaşı olub
“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər