Azərbaycan Dünya Bankı ilə batareya enerji saxlama sistemləri üzrə əməkdaşlığı müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Dünya Bankı ilə batareya enerji saxlama sistemləri üzrə əməkdaşlığı müzakirə edib


Energetika naziri Pərviz Şahbazov Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkovun iştirakı ilə görüş keçirib.

Bu barədə "Sizinxeber.az-Economics" Energetika Nazirliyinə istinadən xəbər verir.

Görüşdə bərpa olunan enerji, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji səmərəliliyi və regional enerji bağlantıları sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan ilə Dünya Bankı arasında karbohidrogenlərdən başlayaraq bərpa olunan enerji layihələrinədək müxtəlif istiqamətlər üzrə uğurlu əməkdaşlığın formalaşdığı və bu əməkdaşlığın gələcək illərdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib. Bildirilib ki, Azərbaycanın bərpa olunan enerji sahəsində qısa müddətdə əldə etdiyi nəticələr enerji sektorunda həyata keçirilən islahatların mühüm göstəricisidir. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi proqramların, xüsusilə ötürücü şəbəkənin gücləndirilməsi, regional enerji inteqrasiyası və enerji səmərəliliyi istiqamətində görülən işlərin böyük əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, son illərdə qlobal enerji sektorunda əsas çağırışlardan biri ötürücü şəbəkələrin dayanıqlılığı və bərpa olunan enerji güclərinin sistemə inteqrasiyasıdır. Bu baxımdan Azərbaycanın ötürücü şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər düzgün və strateji yanaşma kimi qiymətləndirilib. Bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsi çərçivəsində həyata keçirilən işlər nəzərdən keçirilib.

Görüş zamanı Azərbaycanın regional enerji bağlantıları üzrə təşəbbüsləri xüsusi diqqət mərkəzində olub. Qara dəniz və Şərqi Avropa istiqamətində Yaşıl Enerji Dəhlizi layihəsi üzrə texniki-iqtisadi əsaslandırma işlərinin gedişatı barədə məlumat verilib. Bununla yanaşı, Azərbaycan - Mərkəzi Asiya, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan interkonnektor layihələri üzrə aparılan işlər müzakirə olunub. Xəzər regionundan Naxçıvan və Türkiyə istiqamətində ötürücü xətt layihəsinin də icra mərhələsində olduğu diqqətə çatdırılıb.

Həmçinin Dünya Bankı ilə ESCO modeli əsasında enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları da dəyərləndirilib. Bildirilib ki, dövlət vəsaiti olmadan özəl sektorun enerji qənaəti hesabına gəlir əldə etdiyi bu model Azərbaycan üçün də faydalı ola bilər.

Görüş zamanı dənizdə külək enerjisi layihələri, ağıllı şəbəkə texnologiyalarının tətbiqi və batareya enerji saxlama sistemləri (BESS) üzrə əməkdaşlıq məsələləri də müzakirə olunub. Dünya Bankı tərəfindən bu istiqamətlərdə Azərbaycana dəstək göstərməyə hazır olduqları ifadə edilib.

Oxşar xəbərlər

Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək
Azərbaycan Dünya Bankı ilə dənizdə külək enerjisindən istifadəni müzakirə edib
Azərbaycan Dünya Bankı ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək"
Azərbaycanda “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər