FS: Azərbaycan resurs iqtisadiyyatından uzaqlaşaraq uğurlu diversifikasiya həyata keçirib
sizinxeber.az xəbər saytı

FS: Azərbaycan resurs iqtisadiyyatından uzaqlaşaraq uğurlu diversifikasiya həyata keçirib


"Fitch Solutions" (FS) Azərbaycanın iqtisadi artım proqnozunu sabit saxlayıb.

"APA-Economics" bu barədə FS-yə istinadən xəbər verir.

Məumata görə, "Fitch Group"a aid olan "Fitch Solutions" şirkəti bu ilin III rübü üzrə baxış zamanı Azərbaycanın iqtisadi artım proqnozunu cari il üzrə yenidən 2,6%, 2026-cı il üzrə isə 3,2% müəyyən edib. Lakin qeyd edilib ki, bu artım tempi, xüsusilə 2025-ci ildə neft və qaz sektoruna yüksək asılılıq fonunda (2025-ci ilin aprelinə ÜDM-in 39,4%-i) daha zəif olacaq. Belə ki, qlobal neft qiymətlərində gözlənilən 15%-lik illik azalma sektordan əldə olunan gəlirləri azaldacaq.

Bununla belə, FS bildirib ki, Azərbaycan təbii resurslara əsaslanan iqtisadi modeldən uzaqlaşaraq uğurlu diversifikasiya həyata keçirib: "Hazırda qeyri-neft sektoru ümumi iqtisadi fəaliyyətin 60%-dən çoxunu təşkil edir. İnvestisiyaların cəlb olunması üçün əsas hədəflər arasında mədən sənayesi (ÜDM-in 35,6%-i), tikinti (10,6%) və emal sənayesi (6,7%) yer alır".

Şirkətin hesabatında qeyd edilib ki, 2025-ci ilin I rübündə əsas kapitala yönələn investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 9% azalıb. Bu azalma, yanvar-aprel ayları arasında dünya neft qiymətlərindəki 21%-lik geriləmə ilə üst-üstə düşür ki, bu da sektorun iqtisadiyyat üçün həddindən artıq əhəmiyyətini göstərir. Digər amillərə isə 2024-cü ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 konfransı üçün aparılmış infrastruktur layihələrinin başa çatması daxildir.

"2025-ci ilin dövlət büdcəsində hərbi xərclərdən sosial xərclərə yönəlmə də kapital qoyuluşunu azaldan amillərdəndir. Bu baxımdan, kapital formalaşmasının iqtisadi artıma töhfəsinin 2024-cü ildəki 1,9 faiz bəndindən 2025-ci ildə 1,2 və 2026-cı ildə 1,1 faiz bəndinə enəcəyi gözlənilir. Əvəzində, özəl istehlak artımın əsas lokomotivinə çevrilir. Onun artıma töhfəsi 2024-cü ildə 2,1 faiz bəndi olduğu halda, 2025-ci ildə 2,4 və 2026-cı ildə 2,5 faiz bəndinə yüksələcək"- hesabatda əlavə edilib.

Oxşar xəbərlər

"Fitch Solutions" Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini açıqlayıb
"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
"Fitch Solutions” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb
“Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər