
“Azəristiliktəchizat”ın sədri: "İstilik mövsümü coğrafi iqlim xüsusiyyətlərinə uyğun tənzimlənəcək"

“Azəristiliktəchizat”ın sədri: "İstilik mövsümü coğrafi iqlim xüsusiyyətlərinə uyğun tənzimlənəcək"
Azərbaycanda istilik mövsümünün müddəti ölkənin coğrafi iqlim şəraitinə uyğun olaraq tənzimlənəcək.
“Report” xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev bu gün Milli Məclisdə “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, istilik mövsümünün müddətinin müəyyənləşdirilməsi dağlıq, dağətəyi və aran bölgələrinin iqlim xüsusiyyətləri əsasında həyata keçiriləcək:
“Bu məqsədlə Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Azəristiliktəchizat” ASC-nin işçi qrupu yaradılıb. Daxil olan müraciətlər əsasında hazırda ölkənin iqlim şəraiti coğrafi ərazilər üzrə qiymətləndirilir. Bu qiymətləndirmələrə əsasən bölgələr üzrə istilik mövsümünün müddətləri tənzimlənəcək”.
İ.Mirzəliyev əlavə edib ki, istilik enerjisindən istifadə qaydalarında müqavilələrin nümunəvi forması artıq təsdiq olunub və onun qanuna əlavə edilməsi də mümkündür.
O, həmçinin vurğulayıb ki, “İstilik təchizatı haqqında” qanun layihəsində ilk dəfə olaraq sektorda özəlləşdirmə üçün hüquqi baza yaradılır: “Qanunun 9-cu maddəsində istilik təchizatı sektorunun fəaliyyəti təsnifatlaşdırılır - yəni enerji istehsalı, paylanması və satışı mərhələlərinə bölünür. Bu yanaşma gələcəkdə özəl sektorun bu sahəyə daxil olmasına və bazarda iştirakına şərait yaradacaq”.