"Abşeron"un ikinci fazasının işlənməsi ilə bağlı yekun investisiya qərarı 2025-ci ildə qəbul ediləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
apr
2025
19:00
0
0
1 088

"Abşeron"un ikinci fazasının işlənməsi ilə bağlı yekun investisiya qərarı 2025-ci ildə qəbul ediləcək

04 apr, 2025
19:00
1 088

"Abşeron"un ikinci fazasının işlənməsi ilə bağlı yekun investisiya qərarı 2025-ci ildə qəbul ediləcək

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın “TotalEnergies” və Əbu-Dabinin milli neft şirkəti (ADNOC) ilə birlikdə Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının tam miqyaslı istismarı istiqamətində iş aparır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci, eləcə də Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı məlumat verib.

E. Nəsirov bildirib ki, 2024-cü ildə Azərbaycanda ümumilikdə 50 milyard kubmetr təbii qaz hasil edilib. Bunun təxminən 10 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yatağının layına təkrar vurulub.

“2023-cü ildə ‘Abşeron’ yatağında hasilata başlanılıb və birinci mərhələdə 1,5 milyard kubmetr qaz çıxarılıb. Hazırda SOCAR, "Total" və ADNOC yatağın tam işlənməsi üzərində çalışırlar. 2025-ci ildə yekun investisiya qərarının (FID) qəbul ediləcəyi gözlənilir”, - deyə o əlavə edib.

Xatırladaq ki, “TotalEnergies” və SOCAR 10 iyul 2023-cü ildə yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatına başlandığını elan ediblər. Hazırda yatağın işlənməsinin ikinci mərhələsi üzrə “Front End Engineering Design” (FEED) mərhələsinə start verilib. Bu mərhələdə hasil olunacaq qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.

2023-cü ilin avqustunda ADNOC, SOCAR və “TotalEnergies” ilə “Abşeron” yatağında 30 %-lik iştirak payının alınması barədə saziş imzalayıb.

“Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km cənub-şərqdə yerləşir. Yatağın işlənməsi ilə JOCAP – “Absheron Petroleum” birgə əməliyyat şirkəti məşğuldur.

1960-cı illərdə Azərbaycan geoloqları tərəfindən kəşf olunan “Abşeron” yatağının təsdiqlənmiş ehtiyatları 350 milyard kubmetr qaz təşkil edir. Bu göstərici ilə yataq Xəzər dənizində yerləşən “Şahdəniz” yatağından sonra ikinci ən böyük qaz yatağı hesab olunur.

Bizimlə əlaqə saxlayın