KOBİA ötən il 80-ə yaxın sahibkara məhsullarını ticarət şəbəkələrində satmaq üçün dəstək göstərib
2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 21-i fərdi sahibkar (fiziki şəxs) olmaqla, ümumilikdə 80-ə yaxın sahibkarlıq subyektinə məhsullarını ticarət şəbəkələrində satmaq üçün dəstək göstərib.
"Sizinxeber.az " xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirələrdə bildirib.
"Həmçinin, bu ilin mart ayından başlayaraq paytaxtın Binəqədi rayonunda "KOB bazar” satış yarmarkası təşkil olunur. Eyni zamanda KOB subyektlərinin satış imkanlarının genişləndirilməsi, o cümlədən sərgilərdə ödənişsiz iştirakı üçün müxtəlif istiqamətli dəstəklər göstərilir. Ümumiyyətlə, satışa dəstək verən bütün bu mexanizmlərdən ötən il 550 KOB subyekti yararlanıb. Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədilə respublikamızın 10 bölgəsində “KOB Fest” sərgi-satış yarmarkası keçirilib. Bu yarmarkalarda 470-dən çox sahibkar məhsul və xidmətlərini təqdim edib və satışını həyata keçirib. Ticarət şəbəkələrinin inkişafı, yuxarıda qeyd edilən istiqamətlərdən əlavə həm də regional iqtisadi inkişafı stimullaşdırır", - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, ticarət şəbəkələrin inkişafı pərakəndə satış sahələrinin genişlənməsini təmin etməklə yanaşı, logistika, istehsal, xidmət və kənd təsərrüfatı kimi sahələrin də canlanmasına şərait yaradır: "Ticarət şəbəkələri bazar iqtisadiyyatının mühüm dayaqlarından biridir. Onlar məhsul və xidmətlərin istehsalçılardan istehlakçılara səmərəli və fasiləsiz ötürülməsində vacib vasitə rolunu oynayır. Ticarətlə bağlı bu statistika KOB-lar üçün ticarət şəbəkələrinin əhəmiyyətini daha da aydın göstərir. Çünki KOB-lar üçün satış imkanlarının genişləndirilməsi, istehlakçı auditoriyasına çıxışın təmin olunması və rəqabətə davamlılığın artırılması baxımından ticarət şəbəkələri unikal bir platformadır. Bu imkanlar KOB-ların dövriyyəsinə, gəlirliliyinə və istehsal həcminə bilavasitə təsir göstərir".
"Ticarət şəbəkələrinin üstünlükləri bununla məhdudlaşmır. Onlar bazarda qiymətlərin sabitliyinə, keyfiyyət standartlarının qorunmasına və şəffaf ticarət mühitinin formalaşmasına da mühüm töhfə verirlər. Bu isə öz növbəsində istehlakçıların hüquqlarının qorunması və təchizat zəncirinin optimallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Məhz bu səbəbdəndir ki, dövlət bu sahədə məqsədyönlü addımlar atır. Ticarət infrastrukturunun gücləndirilməsi, logistika mərkəzlərinin yaradılması, kənd təsərrüfatı məhsullarının satışını təşviq edən yarmarkalar, iri ticarət mərkəzləri ilə KOB-lar arasında əməkdaşlıq mexanizmlərinin qurulması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu tədbirlər daxilində KOBİA tərəfindən həyata keçirilən təşəbbüslərin də özünəməxsus yeri var", - deyə KOBİA rəhbəri əlavə edib.
Oxşar xəbərlər
KOBİA: 550 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib
Bakıda hər həftə sonu “KOB bazar” adlı satış yarmarkası keçiriləcək
KOBİA ötən il sahibkarlar üçün 1 000-dən çox təlim təşkil edib
Bakıda "KOB bazar" satış yarmarkası fəaliyyətə başlayıb
İctimai Şura sədri: “Azərbaycanda ticarət şəbəkələrində 50 mindən artıq şəxs çalışır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













