Sizinxeber.az » Mədəniyyət » Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

İyulun 28-də Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür.

Sizinxəbər.Az xatırladır ki, onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox ölkələrinin, o cümlədən, Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Rika, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.

Vasif Adıgözəlov sənətkarlığının ərsəyə gətirdiyi və müxtəlif musiqi janrlarında yazdığı yüksəksəviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin böyük rəğbətini qazana bilib.

Bəstəkar iki operanın - "Ölülər" və "Natəvan", altı musiqili komediyanın, o cümlədən "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq - evlənərik", "Aldın payını, çağır dayını", həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, üç simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, beş instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqi əsərlərinin müəllifidir.

Bəli, sənətkarın janr müxtəlifliyi ilə maraq doğuran sənət əsərləri zəngin dünyagörüşün və gərgin əməyin bəhrəsi idi.

Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilib. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq, fortepiano üçün prelüdlərdən tutmuş ən irihəcmli instrumental əsər - piano və orkestr üçün üç "Konsert"in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir.

V.Adıgözəlovun yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət edib və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.

İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası", "Ana" kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.

Azərbaycan musiqi ictimaiyyəti V.Adıgözəlovu həm də fəal ictimai xadim kimi sevmiş və tanımışdır. O, müxtəlif illərdə Bakı Musiqi Texnikumunda direktor, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Bakı Musiqi Akademiyasında kafedra müdiri və Azərbaycan Bəstəkarlar İttifaqında birinci katib kimi çalışaraq böyük təşkilatçılıq qabiliyyəti göstərməklə yanaşı, öz səmimi və mehriban xasiyyəti ilə ictimaiyyətin dərin rəğbətini qazanıb.

Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatmış Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərib. Müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəmək və pianoçuluq məharətinə yiyələnməklə yanaşı, V.Adıgözəlov xalq musiqisi qaynaqlarından bəhrələnib və öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaradıb.

Vasif Adıgözəlovun yaratdığı ölməz sənət inciləri Azərbaycan musiqisinin ən dəyərli inciləri kimi əsrlər boyu yaşayacaq, öz müəllifini hər zaman yaşadacaq, onu unudulmağa qoymayacaq.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !