Azərbaycanın dəstəklədiyi Yeni Kaledoniya Dövlətindən Yeni Fransanın yaranmasına doğru - ŞƏRH » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
iy
2025
15:00

Azərbaycanın dəstəklədiyi Yeni Kaledoniya Dövlətindən Yeni Fransanın yaranmasına doğru - ŞƏRH

14 iy, 2025
15:00
214

Azərbaycanın dəstəklədiyi Yeni Kaledoniya Dövlətindən Yeni Fransanın yaranmasına doğru - ŞƏRH

Kanakinin (Yeni Kaledoniya) gələcək statusunun müəyyənləşməsi məqsədilə Fransa hökuməti ilə müstəqillik tərəfdarları və əleyhdarları arasında Yeni Kaledoniya dövlətinin yaranması haqqında razılaşma imzalanıb.

Bu yeni dövlət Fransanın tərkibində olsa da, çox geniş səlahiyyətlərə malik olacaq.

İlkin mərhələdə Parisdə danışıqların iştirakçıları geri döndükdən sonra layihəni təmsil etdikləri hərəkatlara təqdim edəcək, onların müzakirəsindən sonra yekun sənəd Kanak xalqı tərəfindən qəbul olunmalıdır. Bundan sonra razılaşma qüvvəyə minəcək. 1998-ci il tarixli Noumea Sazişinin bu layihə ilə ziddiyyət təşkil etməyən müddəaları qüvvədə qalacaq.

Yeri gəlmişkən, sənəd Yeni Kaledoniyanın müstəqilliyi tərəfdarları və əleyhdarları ilə Fransa hökuməti arasında imzalanmış müqavilədir. Müqavilə imzalandığı yerin - ərazinin paytaxtı, Numea şəhərinin adını daşıyır.

Yeni Kaledoniyanın yerli xalqı olan kanakların milli azadlıq mübarizəsinin zirvəsi 1980-ci illərə təsadüf edirdi. Müqavilənin şərtlərinə görə, əraziyə daha yüksək dərəcədə muxtariyyət verilirdi. Razılaşma Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı üç referendumun keçirilməsi imkanını özündə ehtiva edirdi ki, bunlardan birincisi 2018-ci ildə, ikincisi 2020-ci ildə, üçüncüsü isə 2021-ci ildə keçirilmişdir. Onların heç birində müstəqillik tərəfdarları səs çoxluğunu qazana bilməyiblər. Çünki onda Fransa hakimiyyəti bölgəyə yeni fransızlar köçürmüş, onların sayəsində bu siyasi aksiya ada əhalisinin ziyanına olmuşdu.

Bəhs etdiyimiz sənəddə əsas məqam Fransa Konstitusiyası və beynəlxalq ictimaiyyət tərəfindən tanınması nəzərdə tutulan Fransa tərkibində unikal institusional qurum olacaq Yeni Kaledoniya Dövlətinin yaradılmasıdır. Razılşamaya əsasən, yeni dövlətin təşkilatlanmasına 2026-ci ilin əvvəlində fundamental qanun qəbul edildikdən sonra başlanılacaq.

Sənədə əsasən, Yeni Kaledoniyanın bayrağı, himni, devizi və s. dəyişdirilə bilər. Fundamental qanun Yeni Kaledoniya Konqresinin 3/5 üzvü (hazırkı layihəyə əsasən Konqresin üzvlərinin sayı 54-dən 56-ya qalxıb) ilə qəbul ediləcək və eyni say ilə dəyişdirilə biləcək. Bu, Fransa hakimiyyətinin qanunverici orqana müdaxiləsini məhdudlaşdırır.

Fransa beynəlxalq öhdəliklərə və fundamental maraqlara (müdafiə, təhlükəsizlik və millətin həyati maraqları) əməl edərək Yeni Kaledoniya Dövləti tərəfindən diplomatik fəaliyyətin aparılmasna imkan yaradacaq. Bununla da Fransa Dövləti öz diplomatik münasibətlərində bu dövlətin maraqlarını, özəlliklə, xarici ticarət sahələrində nəzərə almağı, habelə Yeni Kaledoniyanın beynəlxalq təşkilatlarda daha geniş təmsil olunmasını, beynəlxalq inteqrasiyasını dəstəkləməyi üzərinə öhdəlik olaraq götürür. Bu baxımdan, Fransa və Yeni Kaledoniya arasında daimi dialoq beynəlxalq mövqelərin ahəngliyinə zəmanət verəcək.

Yeni Kaledoniya Dövlətinin BMT-də yerə malik olması müddəası layihədə əks olunmayıb.

Bundan başqa, Fransa regiondakı strategiyaları, məqsədləri və fəaliyyətləri barədə Kaledoniya rəsmilərini məlumatlandıracaq. Fransanın adadakı Silahlı Qüvvələri Yeni Kaledoniyanın ərazi bütövlüyünə və onun əhalisinin qorunmasına zəmanət verəcək. Bununla yanaşı, könüllü hərbi xidmət bölümü də təsis ediləcək. Adaptasiya Edilmiş Hərbi Xidmət Alayının mövcudluğu gücləndiriləcək.

Yeni Kaledoniya Fransa Dövlətinin təhlükəsizlik və ictimai asayişin qorunması sahəsinə yaxından cəlb ediləcək.

Fransa Dövlətini, Kaledoniya hökumətini, merləri və adət-ənənə rəsmilərini bir araya gətirəcək Təhlükəsizlik üzrə Ali Kaledoniya Şurası təsis ediləcək. Fransa Dövlətinin kompetensiyasına riayət etməklə adada bölgələr ictimai asayiş keşikçiləri, sanitariya, insanların və malların təhlükəsizliyi, ətraf mühitin qorunması məsələləri üzrə polis bölmələri yaradacaq. Fransanın səlahiyyətlərinə əməl edilməklə Yeni Kaledoniyanın bölgələrində adət-ənənə (adət-ənənələrə hörmət edilməsinə nəzarət) polisləri təsis olunacaq.

Fransanın səlahiyyətlərinə daxil müdafiə, valyuta, təhlükəsizlik, ictimai asayişin qorunması, ədliyyə və qanuniliyin yoxlanılması sahələrindən biri Kanakiyə veriləcək. Yeni Kaledoniya Konqresi bu barədə qərar qəbul edərsə, tərəflər arasında məsələnin həlli üçün işçi qrupu yaradılacaq. O, ötürmənin şərtlərini müzakirə edəcək.

Sənəddəki əsas məsələlərdən biri də Yeni Kaledoniya vətəndaşlığının yaradılmasıdır. 2026-cı ildən kaledoniyalılar ikili vətəndaşlığa (Fransa və Kaledoniya) malik olacaq. Habelə, onlar Avropa İttifaqı vətəndaşlığını da qoruyub-saxlayacaqlar. Fransa vətəndaşlığından imtina Kaledoniya vətəndaşlığından imtina anlamına gələcək.

Bununla yanaşı, aşağıdakı məsələlər də nəzərdə tutulub:

Fransa Dövləti və Yeni Kaledoniya arasında Maliyyə və İqtisadi Bərpaya dair Paktın imzalanması; Nikelin istismarı üçün strateji planın tərtib edilməsi; Yeni Kaledoniyanın cəmiyyəti (xüsusilə də gənclər) üçün səhiyyə, təhsil, iqtisadiyyat, nəqliyyat, sosial evlər və s. sahələrdə xüsusi ictimai siyasətin aparılması.

Yeni dövlətdə avroya arxalanan Sakit Okean frankı valyuta vahidi olaraq istifadə olunacaq.

Seçkilərdə iştirak edən seçicilər məsələsi Yeni Kaledoniya üçün vacibdir. Çünki Fransa hakimiyyəti öz maraqlarına uyğun qərarın qəbul edilməsi üçün bölgəyə gəlmələrdən sui-istifadə edir. Odur ki, Yeni Kaledoniya vətəndaşlarının və Kanakidə davamlı əsasda ən azı 15 il yaşayan şəxslər regional seçkilərdə iştirak edə bilər.

Bu ilin payızında 2026-cı ilin iyununda regional seçkilərin keçirilməsinə dair müvafiq qanun qəbul ediləcək.

Razılaşmaya əsasən, Fransa Konstitusiyasında Yeni Kaledoniya ilə bağlı bölmə əlavə olunacaq və buna görə əsas qanun layihəsi qəbul ediləcək.

Vacib məsələlərdən bir də Yeni Kaledoniyanın öz müqəddəratını təyinetmə hüququdur. Razılaşmaya əsasən, Kanaki xalqı bu hüququ özündə saxlayıb.

Bu hadisənin müsbət məqamlarından biri Fransanın dövlət başçısı Emmauel Makronun ilk dəfə Yeni Kaledoniya ilə bağlı danışıqda şəxsən iştirak etməsi olub.

“Qələbənin sahibi çox olar”, deyiblər. Odur ki, Fransa Prezidenti Emmuel Makron və Baş nazir Fransua Bayru da məsələyə münasibət bildiriblər. Respublikanın Prezidenti "X" sosial şəbəkəsində yazıb: “Respublika tərkibində Yeni Kaledoniya Dövləti: bu, etimada əsaslanan stavkadır. Ümumi gələcəyi qurmaq üçün hörmət, sabitlik və xoş niyyətlərin birləşməsi vaxtı gəlib çatıb”.

Fransua Bayru əldə edilmiş razılaşmanı "tarixi" adlandırıb: “Cəsarətli danışıqçılara şərəf... bu, mümkün idi!”.

“Les Nouvelles Calédoniennes” nəşri bildirib ki, razılaşma Yeni Kaledoniya vətəndaşlığının yaradılmasını nəzərdə tutur, arxipelaq sakinləri bunu Fransa vətəndaşlığına əlavə olaraq əldə edə biləcəklər, həmçinin yeni dövlətin öz xarici siyasətini müstəqil müəyyən etmək imkanı olacaq. İndi Yeni Kaledoniya dövlətinin yaradılması məsələsi Yeni Kaledoniyada referenduma və Fransa parlamentində səsverməyə çıxarılacaq.

Bu, tarixi hadisənin uğurlu nəticəsi , “unikal statusu” Fransada milli hüquqları uğrunda mübarizə aparan başqa bölgələrin xalqları üçün örnək ola bilər. Məsələn, uzun illərdir Korsika statusunun dəyişməsi uğurunda mübarizə aparır.

Yeni Kaledoniya dövlətinin yaranması Fransa Konstitusiyasının “toxunulmazlığı”na son qoyur. Bu, həm də Yeni Fransanın yaranması üçün bir başlanğıc sayıla bilər.

Azərbaycan ictimaiyyəti də Yeni Kaledoniyanın uğur əldə etməsinə sevinən tərəflərdəndir. Çünki bu dövlətin yaranmasında, Kanak xalqının probleminin beynəlmiləlləşdirilməsində (o cümlədən daxili təzyiqlər) Bakı Təşəbbüs Qrupunun rolu və töhfəsi hər kəs tərəfindən qəbul edilir.

Azərbaycan bir dövlət olaraq neokolonializmə qarşı olduğunu sözdə deyil, əməldə də isbatlayıb, bununla bğalı çoxsaylı konfranslar və tədbirlər keçirilib. Yeni Kaledoniya dövlətinin yaranması həm də Bakı Təşəbbüs Qrupunbun nüfuzunun artmasına xidmət edir. O, məzlumların hüquqlarının müdafiəçisi, sığınacaq yeri olduğunu da göstərir.

Fransa 1853-cü ildə Yeni Kaledoniyanı işğal edib, 1946-cı ildə bu koloniyaya özünün dənizaşırı ərazisi statusu verib. Yeni Kaledoniya dünyada nikel istehsalı üzrə üçüncü əhəmiyyətli bölgədir. Ancaq istehsal böhran vəziyyətindədir və ərazidə yaşayan hər beş nəfərdən biri yoxsulluq həddindən aşağı yaşayır. Ümid etmək olar ki, Yeni Dövlət xarici ticarət sahəsində quracağı müstəqil əməkdaşlıq nəticəsində bu faydalı qazıntıdan Yeni Kaledoniya vətəndaşlarının xeyrinə istifadə edəcək.

Beləliklə, Yeni Kaledoniyadan sonra Yeni Fransa üçün növbəti hərəkatların başlayacağı uzaqda deyil.

Bizimlə əlaqə saxlayın