TDT-də turizm sektorunda rəqəmsal əməkdaşlıq təşviq ediləcək
sizinxeber.az xəbər saytı

TDT-də turizm sektorunda rəqəmsal əməkdaşlıq təşviq ediləcək


Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri milli turizm platformalarına və rəqəmsal xidmətlərə çıxışın asanlaşdırılması vasitəsilə turizm sektorunda rəqəmsal əməkdaşlığı təşviq etmək barədə razılığa gəlib.

"Sizinxeber.az"un Türküstana ezam olunan əməkdaşının xəbərinə görə, bu barədə TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə bu gün qəbul edilmiş Türküstan Bəyannaməsində bildirilir.

Sənəddə həmçinin birgə turizm məhsullarının təşviqi və TDT daxilində turizm axınlarının davamlı artırılması məqsədilə məlumat və qabaqcıl təcrübə mübadiləsinin təşviq edilməsinin zəruriliyi vurğulanır.

"Üzv və müşahidəçi dövlətlər arasında müasir tibbi xidmətlərə bərabər çıxışı təmin etmək üçün səhiyyə sahəsində texnologiyaların ötürülməsinə və rəqəmsal savadlılığın artırılmasına kömək etməklə yanaşı, birgə layihələr vasitəsilə teletəbabətin, rəqəmsallaşmanın və süni intellektin səhiyyəyə inteqrasiyasının təşviq edilməsinin vacibliyini vurğulayırıq", - bəyannamədə deyilir.

Liderlər həmçinin süni intellekt sahəsində infrastruktur və potensialın artırılması proqramlarına investisiyalar vasitəsilə iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, dağ ekosistemlərinin deqradasiyası, buzlaqların əriməsi və ətraf mühitin çirklənməsi daxil olmaqla, artan ekoloji böhranlarla mübarizə üçün süni intellektdən istifadəni vacib adlandırıblar.

"Davamlılığı təmin etmək məqsədilə enerjiyə və suya qənaət edən süni intellekt sistemlərinin təşviqi vasitəsilə zərəri azaltmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi və ekstremal hava hadisələrinin proqnozlaşdırılması üçün süni intellektə əsaslanan erkən xəbərdarlıq sistemlərinin hazırlanmasını dəstəkləmək vacibdir", - sənəddə deyilir.

İmzalayan tərəflər etik, məsuliyyətli və insana yönəlmiş süni intellektin və rəqəmsal həllərin "ağıllı" istehsal, kənd təsərrüfatı, səhiyyə (o cümlədən teletəbabət), elektron idarəetmə, təhsil, "ağıllı" şəhərlər, ekoloji monitorinq, iqlim dayanıqlılığı və mədəni irsin qorunması kimi əsas sektorlara inteqrasiyasını xüsusi qeyd ediblər.

Bundan əlavə, türk dünyasında rəqəmsal sahibkarlığı, texnoloji suverenliyi və süni intellektə əsaslanan innovasiyaların kommersiyalaşdırılmasını stimullaşdırmaq üçün birgə texnoparkların, innovasiya hablarının, vençur fondlarının və dövlət-özəl tərəfdaşlıqlarının yaradılmasının təşviq edilməsi barədə razılıq əldə olunub.

Oxşar xəbərlər

Daşkənddə Türk Elm və İnnovasiya Günləri keçiriləcək
TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər
TDT liderləri insana yönəlmiş və etik süni intellektin inkişafına çağırış ediblər
TDT ölkələri kosmik sahədə əməkdaşlığın inkişafını prioritet hesab edir
Türküstan Bəyannaməsi: "e-Permit" sistemi Orta Dəhliz üzrə yükdaşımaların səmərəliliyini artıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər