Baş katib: Naxçıvanda futbol hakimliyini daha da inkişaf etdirmək istəyirik
Naxçıvanda hakimliyi daha da inkişaf etdirmək məqsədlərimizdən biridir.
Bunu "Sizinxeber.az"a açıqlamasında Naxçıvan Futbol Federasiyasının baş katibi Raqif Abbasov Muxtar Respublikada ədalət təmsilçiləri üçün təşkil edilmiş seminar barədə danışarkən deyib.
O, AFFA ilə birgə təşkil etdikləri tədbirdə Naxçıvanın bütün bölgələrindən hakimlərin iştirak etdiyini bildirib:
"Məqsəd burada AFFA-nın bayrağı altında keçiriləcək çempionatlara referilərin hazırlığı idi. Seminarda yeni qaydalarla tanışlıq oldu. Bundan əlavə, hakimlərin fiziki hazırlığının artırılması məsələsinə də toxunuldu. Dörd gün davam edən tədbirdə müxtəlif oyunlar təhlil edildi, sual-cavab və test mərhələsi də gerçəkləşdi. Hakimlərə fiziki yük verildi. Onlar milli assosiasiya tərəfindən formalarla da təmin edildi. Həmçinin xüsusi proqram təqdim olundu".
Baş katib Naxçıvanda perspektiv vəd edən referilərin olduğunu vurğulayıb:
"Muxtar Respublika futbol mütəxəssisləri, oyunçuları, məşqçiləri və hakimləri ilə tanınan diyardır. Bu gün yeni simaların yetişməsi üçün çalışırıq. Bədən tərbiyəsi və idman kafedrasında təhsil alan tələbələr arasında gələcəkdə hakimliyə cəlb olunma məsələsi üzərində işləyəcəyik. Ədalət təmsilçilərimiz müəyyən müddətdən sonra AFFA Hakimlər Komitəsinin testinə və yoxlanışına qatılacaqlar. Normativi yerinə yetirsələr, digər bölgələrimizdə də AFFA-nın bayrağı altında baş tutan yarışlara təyinat ala biləcəklər".
Qeyd edək ki, avqustun 19-dan 22-dək keçirilən seminara AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev, fitnes məşqçisi Namik Quliyev, Hakimlər Departamentinin mütəxəssisi Bəxtiyar Osmanov və Hakimlər Komitəsinin üzvü Anar Salmanov rəhbərlik ediblər.
Oxşar xəbərlər
AFFA hakimlərə təşəkkürnamə paylayıb
Naxçıvanda bilyard üzrə muxtar respublika birinciliyi keçiriləcək
Naxçıvanda “Beşiktaş” futbol məktəbi açılacaq
AFFA Hakimlər Komitəsinin sədri: "5-6 oyunda məni çox məyus edən hakim səhvləri oldu"
AFFA Naxçıvanda hakimlər üçün seminar keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













