Azərbaycanın 6 qat Avropa çempionu: “Karyeramı bitirməyi hələ düşünmürəm” » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
dek
2023
13:40

Azərbaycanın 6 qat Avropa çempionu: “Karyeramı bitirməyi hələ düşünmürəm”

20 dek, 2023
13:40
1 174

Azərbaycanın 6 qat Avropa çempionu: “Karyeramı bitirməyi hələ düşünmürəm”

“Bu idman növündə 40 yaşa qədər vuruşmaq olur. Ona görə də karyeramı bitirməyi hələ düşünmürəm”.

Bunu “Sizinxeber.az”a açıqlamasında uşu kunq-fu üzrə 6 qat Avropa çempionu Elçin Eminov deyib.

32 yaşlı idmançı son olaraq Türkiyənin İstanbul şəhərində keçirilən qitə birinciliyində qazandığı çempionluğu dəyərləndirib. O, yerli idmançıya qarşı final görüşünü digərlərindən fərqləndirib: “Yarışa yaxşı hazırlaşmışdıq. Düzdür, bəzi zədələr var idi. ABŞ-də baş tutan dünya çempionatında bürünc medal qazandığım üçün 2024-cü ildə təşkil olunacaq Dünya Kubokuna lisenziya əldə etmişdim. Məşqçilərlə qərara gəldik ki, formada qalmağım üçün Avropa çempionatına yollanım. Finalda yerli idmançı ilə qarşılaşdım. Onu mənə qarşı yaxşı hazırlaşdırmışdılar. Ancaq ikinci raundda nokautla qalib gəldim”.

Gənclərdən ibarət Azərbaycan millisinin də baş məşqçisi funksiyasını yerinə yetirən Elçin Eminov ildən-ilə yeni gənc idmançıların üzə çıxdığını bildirib: “Yaş öz sözünü deyir. Məsələn, Avropa çempionatındakı ilk rəqibim ukraynalı idi. O, çox güclü çıxış edirdi. Yarışlara hazırlaşmaq əvvəlki qədər asan olmur. Avropa çempionatına hazırlıq dönəmində 17 kq çəki salmışdım. Buna baxmayaraq, təcrübə sayəsində 7-ci dəfə qatıldığım Avropa çempionatında 6-cı qızıl medalımı qazandım. Bir dəfə də ikinci yeri tutmuşam”.

O, qarşıda duran hədəflərdən də söz açıb: “Qitə birinciliyində əsasən gənclərə üstünlük vermişdik. Bu yaxınlarda keçirilən Azərbaycan çempionatında ilk iki yeri tutanları Avropa çempionatına aparmışdıq. 2024-cü ildə isə Bruneydə gənclər arasında dünya çempionatı təşkil ediləcək. Yaxşı vuruşanlar həmin mundialda ölkəmizi təmsil edəcəklər. Növbəti ilin mayında İsveçdə Avropa çempionatı, ilin sonlarında isə Avstraliyada Dünya Kuboku keçiriləcək. Mayda da böyüklər arasında Azərbaycan çempionatı olacaq. Həmin turnirlərdə də çıxış etmək istəyirəm”.

Qeyd edək ki, uşu kunq-fu üzrə Azərbaycan millisi böyük məşqçi Barəddin Səlimovun rəhbərliyi altında Türkiyədə keçirilmiş Avropa çempionatında 9 medal (2 qızıl, 3 gümüş, 4 bürünc) qazanıb.

Bizimlə əlaqə saxlayın