Xarici diplomatlar üçün təlim proqramına start verilib
sizinxeber.az xəbər saytı

Xarici diplomatlar üçün təlim proqramına start verilib


İyunun 10-da Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı ilə “Əcnəbi diplomatlar üçün diplomatik xidmət təkmilləşdirmə proqramı (AFSP)” təliminə start verilib.

Bu barədə "Sizinxeber.az"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, illik əsasda keçirilən proqram beynəlxalq səviyyədə insan kapitalının inkişafı, Azərbaycanın təbliğatı və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.

Cari ildə əsasən Asiya, Afrika, Latın Amerikası, Sakit okean və Şərqi Avropa regionalarından olmaqla 27 ölkədən 30 xarici diplomat proqramda iştirak edir.

Açılış tədbirində çıxış edən AIDA-nın rəisi Elməddin Mehdiyev xarici diplomatlara proqramın məqsəd və əhəmiyyəti barədə məlumat verərək, Azərbaycanın yeni donor ölkəsi kimi beynəlxalq yardım sahəsində qazandığı nailiyyətlərdən danışıb.

ADA Universiteti adından çıxış edən İxtisasartırma proqramının rəhbəri və Akademik işlər üzrə prorektorun müşaviri Aygün Hacıyeva proqramın məzmunu və ADA Universiteti tərəfindən həyata keçirilən beynəlxalq səviyyəli müxtəlif təlim proqramları haqqında geniş məlumat verib.

Cari ilin 21 iyun tarixinədək davam edəcək proqramda xarici diplomatlara ADA Universitetinin professor-müəllim heyəti və Xarici İşlər Nazirliyinin təcrübəli diplomatları, eləcə də bir sıra dövlət qurumlarının mütəxəssisləri tərəfindən müxtəlif mövzulu, o cümlədən xarici siyasət, səmərəli diplomatik fəaliyyət, enerji və iqlim diplomatiyası, təhsil, turizm, rəqəmsal innovasiya ilə bağlı təlim və mühazirələr təqdim olunacaq.

Bununla yanaşı, iştirakçıların bir sıra rəsmi qurum və müəssisələrdə tanışlıq görüşləri keçirməsi, ölkəmizin zəngin tarixi və mədəniyyəti barədə geniş məlumat əldə etməsi, habelə Şuşa və Xankəndi şəhərlərinə səfərləri nəzərdə tutulur.

Xatırladaq ki, sayca səkkizinci olan proqramda indiyədək 70-dən artıq ölkədən 120-yə yaxın diplomat iştirak edib. Cari ildəki iştirakçılarla birlikdə təlim proqramında təmsil olunan ölkələrin sayı 90-a, iştirak edən xarici diplomatların sayı isə təxminən 150-yə çatıb.

Oxşar xəbərlər

AİDA İƏİT-in İnkişafa Yardım Komitəsinin yüksək səviyyəli iclasında iştirak edib
AİDA İordaniyada İnklüziv təhsil üçün kompüter laboratoriyasını əsaslı təmir edib
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına namizədlərin seçimi başa çatıb
İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrin tələbələri Azərbaycanda təhsil alacaq
Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle