Yazıçı Cavid Zeynallı: Mənim üçün yaradıcılığın tərifi yoxdur » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
apr
2025
17:30

Yazıçı Cavid Zeynallı: Mənim üçün yaradıcılığın tərifi yoxdur

18 apr, 2025
17:30
528

Yazıçı Cavid Zeynallı: Mənim üçün yaradıcılığın tərifi yoxdur

Yaradıcılıq üçün öncə istedad, sonra mütaliə, nəhayət, zəhmət və dil faktoru əhəmiyyətlidir.

“Sizinxeber.az” xəbər verir ki, bu sözləri Akademik Milli Dram Teatrının mətbuat katibi, yazıçı-dramaturq Cavid Zeynallı Sizinxeber.az Media Məktəbinin tələbələri ilə görüşü zamanı bildirib.

Yazıçı yaxşı ədəbiyyatın geniş mütaliədən yarandığını vurğulayıb:

“Ədəbiyyatda belə bir prinsip var – mənim dediyimi yox, öz bildiyinizi düşünün, öz fikirlərinizi yazın. Özü də xatirə hələ yaxşı bir hekayə demək deyil. Əgər sən həmin xatirəyə gözəl bir don geyindirməyi bacaracaqsansa, bu halda o, dəyərli bir əsərə çevrilə bilər”.

C.Zeynallı uşaq ədəbiyyatı ilə bağlı fikirlərini də bölüşüb.

“Əslində, nağıllar böyüklər üçün yazılmış, amma uşaqlara yönəlik əsərlərdir. Uşaq ədəbiyyatının içində çoxlu mesaj, hadisə var. Balacalar üçün yazmaq çətin işdir. Götürək mifologiyanı. Bu, külçə halında olan dəyərlərin başlanğıcı, mərkəzi, mənbəyidir. Məhz onun əsasında dünyanın böyük filmləri, ədəbiyyatı, rəssamlığı yaranır”, – dramaturq qeyd edib. ­­

Cavid Zeynallı 1986-cı ildə Cəlilabad şəhərində anadan olub. Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili, Azərbaycan Dillər Universitetində doktorantura təhsili alıb. 2010-cu ildə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc yazıçısı” mükafatını qazanıb. Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü, Prezident təqaüdçüsüdür. 6 ildən yuxarı mətbuatda çalışıb.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə “Coğrafiya müəlliminin pencəyi” adlı kitabı çap olunub. “Şükriyyə” pyesi Akademik Milli Dram Teatrında, “Tanrı quşu gəlmədi” pyesi isə Lənkəran Dövlət Dram Teatrında tamaşaya hazırlanıb. Qazaxıstanda Dramaturgiya laboratoriyasında master-klass keçib. TÜRKSOY-un “Əhməd Cavad-130” medalı ilə təltif olunub. “Günəşi gözləyənlər”, “Leyla”, “Şükriyyə”, “Həmin işıqlı günlər” kitablarının müəllifidir.

Bizimlə əlaqə saxlayın