
Baş rejissorun oğlu: Səhnəni yaşadan, amma səhnədən unudulan

Baş rejissorun oğlu: Səhnəni yaşadan, amma səhnədən unudulan
Azərbaycan teatr sənətinin unudulmaz simalarından biri olan Oruc Qurbanov, uzun illər Azərbaycanın Teatırlarında rejissor kimi çalışaraq saysız-hesabsız tamaşalara həyat verdi. Onun rejissoru olduğu "Tamaşalar", "Haray" filmi və digər əsərlər xalq tərəfindən sevilmiş, sənət rolunda dərin iz qoymuşdur.
Bunu Sizinxeber.az-a açıqlamasında Lənkəran Dövlət Dram Teatrının baş rejissoru, mərhum Oruc Qurbanovun oğlu İzzət Qurbanov deyib. O, atasının nəinki sağlığında, hətta dünyasını dəyişəndən sonra da gördüyü haqsızlıqlardan danışıb:
Oruc Qurbanovun səhnəyə qoyduğu "Dirilən Adam" tamaşasında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev iştirak etmişdi. Tamaşa böyük alqışlarla qarşılanmış, Mehriban xanımın da xüsusi rəğbətini qazanmışdı. Səhnəyə ayaq üstə alqışlar səslənirdi. Belə bir sənətkarın sənəti və zəhməti əslində dövlət səviyyəsində dəyərləndirilməli idi.
Təəssüf ki, reallıq fərqlidir: 2020-ci ildə, hələ işləməyə davam etdiyi halda ona verilmiş mükafat ləğv olundu. Onun kimi sənətkar, ev almaq və şəxsi həyatı ilə bağlı da çətinliklərlə üzləşdi. Hətta vəfat etdiyi gün belə, Mədəniyyət Nazirliyindən bir başsağlığı belə verilmədi.
Bu da onu göstərir ki, bu ölkədə mədəniyyət sahəsində savadlı insanlara, əsl sənət adamlarına layiq olduqları qədər dəyər verilmir. Çünki onların siyasətinə görə, sənətdə düşünən, yaradıcı beyinlər deyil, itaətkar və savadsız insanlar lazımdır.
Mən oğlu olaraq deyirəm,nəyinki ümumi teatr aləmində, elə Lənkəran teatrında belə Oruc Qurbanov kimi rejissor yoxdur. Bu gün teatr səhnəsində onun yoxluğu hiss olunur. Əgər Ulu Öndər Heydər Əliyev sağ olsaydı, bu cür haqsızlıqlara yol verilməzdi. O, sənətə və sənətkara hər zaman sahib çıxırdı.
Atam Oruc Qurbanov həyatı boyu çox sayda tamaşa səhnələşdirib. Amma təəssüf ki, bu tamaşaların çoxunun çəkilişi yoxdur. Çünki bir çox teatrlar atama şərait yaratmırdı. Deyirdilər ki, “öz cibindən kameraman gətir, özün çək”. Bu da sənətə, sənətkara verilən münasibətin bir göstəricisi idi. Elə buna görə də bu gün mənim əlimdə çox az sayda video var. Hər gün eyni görüntüləri paylaşmaq məcburiyyətində qalıram. Amma hər paylaşımda bir şeyi demək istəyirəm: Atamın dəyəri bilinmədi, amma unudulmayacaq.
Atamla illərlə eyni səhnəni bölüşən aktyorlara Allahdan can sağlığı arzulayıram. Amma onlara da üzülürəm… Çünki bilirəm – onların da vaxtı gələndə qədrini bilməyəcəklər. Bu ölkədə sənətə dəyər verilməyəndə, sənətkarın da yeri unudulur...
Dirilən Adam (Oruc Qurbanovun 2005-ci ildə səhnələşdirdiyi bu tamaşa 2006-cı ildə ilin ən yaxşı tamaşası seçilərək "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür)
2002-ci ildə H. Əliyevin fərmanı ilə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb

