Məleykə Abbaszadə rektoru olduğu Bakı Dövlət Universitetinin (BDU) C korpusu ilə bağlı işçi qrupu yaradıb.
Sizinxeber.Az xəbər verir ki, bu barədə o, öz "Facebook" hesabında məlumat yayıb.
Rektor universitetdəki ilk iş həftəsində gördüyü işlərdən bəhs edib:
"BDU-da rektor kimi fəaliyyətimin ilk həftəsi başa çatmaq üzrədir. İlk işim universitetin inzibati və akademik heyəti ilə tanışlıq oldu. Həftə ərzində prorektorlar və dekanlarla ilk ümumi görüşümüzü də keçirdik. Görüşdə BDU-nun gələcəyi və bu gələcəyin qurulmasında hər birimizin məsuliyyəti barədə danışdım.
Əvvəlki nəsillərdən bizə miras qalan tarix və nüfuz BDU-nun böyük üstünlüyüdür. Bu irsi qorumaq və inkişaf etdirmək isə bizim məsuliyyətimizdir. Universitetin nüfuzunu hər gün təhsilin keyfiyyəti, elmi tədqiqatlarımızın nəticələri, akademik dürüstlük və məzunlarımızın sonrakı fəaliyyəti ilə təsdiqləməliyik.
Nəsirəddin Tusi yazırdı: "Dərs öyrənməkdə ardıcıl və inadkar olmaq lazımdır. Hər kəs çətin və anlaşılmaz bir elmi məsələni aydınlaşdırdıqda bundan böyük zövq alır". İstəyirəm ki, tələbələrimiz bu hissi universitetdə yaşasınlar. Gənclərə öz suallarını vermək, cavabları müstəqil axtarmaq və tədqiqatlarda iştirak etmək üçün imkan yaratmalıyıq. Müəllimin tələbkarlığı da, tələbəyə göstərdiyi hörmət və qayğı da bu prosesdə eyni dərəcədə vacibdir.
Mən hər bir dekanı öz fakültəsinin akademik lideri kimi görürəm. Universitetdə təhsilin keyfiyyəti hər gün mühazirədə, seminarda, laboratoriya məşğələsində və elmi rəhbərin tələbə ilə söhbətində formalaşır. Dekan öz fakültəsində təhsil proqramlarının necə işlədiyini, hansı tədqiqatların dəstəyə ehtiyacı olduğunu, müəllimlər və gənc alimlər üçün hansı inkişaf imkanlarının yaradıla biləcəyini bilməlidir. Tələbələrin fikirlərini öyrənmək və fakültənin beynəlxalq akademik əlaqələrini inkişaf etdirmək də bu işin bir hissəsidir.
Yaxın müddətdə hər bir fakültənin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və elmi potensialı barədə obyektiv təsəvvür əldə etmək istəyirəm. Bunun üçün həmkarlarımdan dürüst, peşəkar təhlil gözləyirəm. Problemi vaxtında görmək, onun haqqında açıq danışmaq və həlli üçün təklif vermək rəhbərlik məsuliyyətinin göstəricisidir".
M.Abbaszadə qeyd edib ki, C korpusu ilə bağlı məsələ nəzarətə götürülüb:
"Tələbələrin universitet həyatında daha fəal iştirak etməsi və qarşılaşdıqları problemləri açıq şəkildə diqqətimizə çatdırması mənim üçün vacibdir. Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm. Bununla bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq. Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm".
Qeyd edək ki, bir neçə gün əvvəl BDU-nun C korpusunda təhsil alan tələbələr universitetin yeni rektoru Məleykə Abbaszadəyə öz şikayətlərini ünvanlayıblar. Onlar bildiriblər ki, korpusun ətrafındakı obyektlərin yaratdığı səs-küy tələbələrə dərslərə maneə olur.