Avropa Komissiyası onlayn ticarət platforması olan "Temu"nun istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı Avropa İttifaqının qaydalarına uyğunlaşmaq üçün bir sıra dəyişikliklər etməyə razılıq verdiyini açıqlayıb. Bu dəyişikliklərə platformada qanunsuz və təhlükəli məhsulların satışının qarşısını almaq üçün tədbirlərin gücləndirilməsi də daxildir.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda bildirilib.

"Temu"nun üzərinə götürdüyü öhdəliklər istehlakçıları çaşdıran və ya onların alış-veriş qərarlarına həddindən artıq təsir göstərən müxtəlif kommersiya təcrübələrini əhatə edir. Bunlara saxta endirimlər və rəylər, alıcılara təzyiq göstərməklə satış, məcburi oyunlaşdırma, eləcə də məlumatların təqdim edilməməsi və ya yanlış məlumatların verilməsi daxildir.

İstehlakçıların hüquqlarının müdafiəsi məsələləri üzrə Avropa komissarı Maykl Makqrat bildirib:

"Temu"nun üzərinə götürdüyü öhdəliklər istehlakçıların internetdə əminliklə alış-veriş edə bilmələri üçün mühüm addımdır. Alıcılar qiymətlərin şəffaf, rəylərin etibarlı olduğuna, məhsulları qaytarmaq və kompensasiya almaq hüquqlarına hörmət ediləcəyinə əmin olmalıdırlar".