Alimlər adi qida əlavələrinin ağır diş əti xəstəliyinin müalicəsində antibiotiklərə alternativ ola biləcəyini müəyyən ediblər. Yeni araşdırmaya əsasən, omeqa-3 yağ turşuları ilə aşağı dozalı aspirinin birlikdə istifadəsi standart stomatoloji müalicə ilə yanaşı tətbiq edildikdə antibiotiklərə yaxın nəticələr verib. Daha maraqlısı isə müalicənin müsbət təsirlərinin əlavələrin qəbul edilməsi dayandırıldıqdan altı ay sonra da müşahidə olunmasıdır.
Araşdırma Braziliya və ABŞ-dan olan alimlərin iştirakı ilə həyata keçirilib. Tədqiqatın nəticələri “Journal of Periodontology” elmi jurnalında dərc olunub.
Alimlər 12 ay ərzində ağır periodontitdən əziyyət çəkən 109 pasiyentin vəziyyətini izləyiblər. Periodontit diş ətlərinin xroniki iltihabi xəstəliyidir. Bu xəstəlik zamanı bakteriyalar diş əti xəttinin altında toplanaraq iltihaba səbəb olur. Nəticədə dişləri saxlayan toxumalar və sümük zədələnə, xəstəlik irəlilədikdə isə dişlərin boşalması və tökülməsi baş verə bilər.
Tədqiqat iştirakçıları dörd qrupa bölünüb. Bütün pasiyentlər əvvəlcə diş əti altındakı bakterial çöküntülərin və bərkimiş ərpin təmizlənməsini əhatə edən standart stomatoloji prosedurdan keçiblər.
Birinci qrupa plasebo, ikinci qrupa isə 14 gün ərzində gündə üç dəfə metronidazol və amoksisillin antibiotikləri verilib. Üçüncü qrup altı ay ərzində gündə üç qram omeqa-3 və aşağı dozalı aspirin qəbul edib. Dördüncü qrup isə həm antibiotiklərdən, həm də omeqa-3 və aspirin kombinasiyasından istifadə edib.
Nəticələr göstərib ki, antibiotik qəbul edən pasiyentlərin təxminən 58 faizi müalicə hədəfinə çatıb. Omeqa-3 və aspirin qəbul edən qrupda isə bu göstərici 57,7 faiz olub. Yalnız standart stomatoloji müalicə və plasebo alan qrupda nəticə 23,1 faiz təşkil edib.
Maraqlı məqamlardan biri də antibiotiklərlə omeqa-3 və aspirinin birlikdə qəbul edilməsinin əlavə üstünlük yaratmaması olub. Bu nəticə alimlərin diqqətini xüsusilə çəkib.
Tədqiqatçılar hesab edirlər ki, omeqa-3 yağ turşuları orqanizmdə iltihab prosesinin tənzimlənməsinə kömək edə bilər. Bu maddələr iltihabın sona çatmasına və zədələnmiş toxumaların bərpasına kömək edən bioloji molekulların yaranmasında iştirak edir. Aşağı dozalı aspirinin isə həmin prosesləri gücləndirə biləcəyi ehtimal olunur.
Araşdırmanın digər diqqətçəkən nəticəsi müalicənin təsirinin uzun müddət davam etməsidir. Pasiyentlər omeqa-3 və aspirinin qəbulunu dayandırdıqdan altı ay sonra da müsbət klinik nəticələr qorunub saxlanılıb.
Alimlərin fikrincə, bu yanaşma xüsusilə antibiotiklərə allergiyası və ya dözümsüzlüyü olan bəzi pasiyentlər üçün gələcəkdə alternativ müalicə imkanları yarada bilər. Eyni zamanda antibiotiklərdən lazımsız istifadənin azaldılması bakteriyaların dərmanlara qarşı davamlılığının qarşısının alınması baxımından da əhəmiyyətlidir.
Bununla belə, tədqiqatçılar nəticələrin hələlik bütün pasiyentlərə şamil edilə bilməyəcəyini vurğulayırlar. Araşdırmaya ciddi yanaşı xəstəlikləri olmayan şəxslər cəlb edilib. Daha geniş və müxtəlif pasiyent qrupları üzərində əlavə tədqiqatların aparılmasına ehtiyac var.
Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, aspirin qanaxma riskini artıra bilər və hər kəs üçün uyğun deyil. Omeqa-3 və aspirin kombinasiyası stomatoloji müalicəni əvəz etmir. Tədqiqatda bu vasitələr yalnız peşəkar diş əti müalicəsinə əlavə olaraq istifadə edilib.
Alimlər hesab edirlər ki, əldə olunan nəticələr ağır diş əti xəstəliklərinin müalicəsində yeni yanaşmaların inkişafı üçün perspektiv yaradır. Lakin bu üsulun antibiotikləri tam əvəz etməsi üçün əlavə elmi sübutlar tələb olunur.
Mənbə: ScienceDaily
Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov
Qeyd: Omeqa-3 və aspirini diş əti xəstəliyinin müalicəsi məqsədilə həkim məsləhəti olmadan qəbul etmək tövsiyə edilmir.