Vaşinqton administrasiyası 14 ticarət tərəfdaşına qarşı yeni rüsumların tətbiq edilməsini təklif edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ticarət Nümayəndəliyi İdarəsi (USTR) məlumat yayıb.
Bu qərar 1974-cü il ABŞ Ticarət Qanununun 301-ci bölməsi çərçivəsində Yaponiya, Avropa İttifaqı və Cənubi Koreya da daxil olmaqla 16 ticarət tərəfdaşını əhatə edən səkkiz aylıq araşdırmanın nəticələrinə əsasən qəbul edilib.
Araşdırmanın iştirakçıları arasındakı Meksika və Norveç yeni rüsumların tətbiq edilməsi planlaşdırılmayan yeganə iki ölkə olub.
Ən yüksək dərəcə Çin malları üçün 20 % həcmində nəzərdə tutulub. Bu, 25 %-lik rüsumlara əlavədir.
ABŞ administrasiyası nümayəndəsinin sözlərinə görə, yeni rüsumlar Vaşinqtonun müvafiq ölkələrlə olan ticarət sazişlərində nəzərdə tutulmuş maksimal dərəcələri aşmayacaq. Xüsusilə, Çin üçün müddəti yanvarın 10-da başa çatacaq ticarət razılaşması çərçivəsində 20 %-lik məhdudiyyət qüvvədədir.
Bundan əlavə, ABŞ administrasiyası Braziliyaya münasibətdə ayrı-ayrı tarif təkliflərini elan edib. Xüsusilə, hazır hava gəmilərinə 10 faizlik rüsumun müəyyən edilməsi təklif olunur.
İyul ayında ABŞ bəzi Braziliya mallarına artıq 25 % həcmində rüsumlar tətbiq etmişdi. Yeni təkliflər nəticəsiz başa çatan bir neçə danışıqlar raundundan sonra bu tədbirlərin dəyişdirilməsini nəzərdə tutur.