Alimlər Yerin növbəti buzlaşma dövrünün artıq başlamış ola biləcəyinə, lakin qlobal istiləşmə tərəfindən dayandırıldığına dair təəccüblü sübutlar aşkar ediblər. Kanada Arktikasındakı Barns buzlaq örtüyünün altında qorunub saxlanılmış qədim bitkiləri tədqiq edən araşdırmaçılar müəyyən ediblər ki, nəhəng buz təbəqəsinin qalıqları təxminən 2000 il əvvəl yenidən genişlənməyə başlayıb. Bu, yeni buzlaşma mərhələsinin başlanğıcına işarə edirdi. Lakin 1960-cı illərdə artan yay temperaturları bu prosesi tərsinə çevirərək buzlağın böyümək əvəzinə kiçilməsinə səbəb olub.

Tapıntılar göstərir ki, qlobal istiləşmə artıq başlamaqda olan yeni buzlaşma dövrünü yarımçıq qoyub və milyonlarla ildir Yeri formalaşdıran təbii iqlim dövriyyəsini köklü şəkildə dəyişdirib.

Kolumbiya İqlim Məktəbinin Lamont-Doherti Yer Rəsədxanasının geokimyaçısı Nikolas Yanq bildirib: "Hər şey yenicə başlayırdı, hər şey normal idi, növbəti buzlaşma baş vermək üzrə idi — və birdən dayandı. Bu, sistemi necə sarsıtdığımızın çox güclü bir nümunəsidir."

Qədim Arktika buzları təəccüblü iqlim tarixini üzə çıxarır

"Science" jurnalında dərc olunan araşdırmada Yanq və həmkarları təxminən 95.000 – 20.000 il əvvəl Kanadanın böyük hissəsini və ABŞ-nin şimalını örtən nəhəng Lavrenti buz təbəqəsinin tarixini araşdırıblar. İqlim istiləşdikcə bu nəhəng buz kütləsinin böyük hissəsi ərisə də, Kanadanın Nunavut bölgəsindəki Baffin adasında yerləşən Barns buzlaq örtüyü onun sağ qalmış son qalığıdır.

(Qeyd: Texniki cəhətdən biz hələ də təxminən 34 milyon il əvvəl başlamış buzlaşma erasının içində yaşayırıq. Bu erada soyuq buzlaşma mərhələləri ilə müasir dövrümüz kimi isti buzlaşmalarası mərhələlər bir-birini əvəz edir. Sonuncu buzlaşma mərhələsi təxminən 11.700 il əvvəl başa çatıb.)

Buzun altında qorunan qədim bitkilər

Əksər buzlaqlardan fərqli olaraq, Barns buzlaq örtüyü birbaşa altındakı ana qayaya donaraq yapışıb və ərazi boyunca sürüşmür. Buna görə də genişlənən buzun altında qalan bitkilər min illər boyu yerindəcə salamat qala bilir. 1960-cı ildən etibarən buzlaq əriməyə başladıqca altındakı qədim bitki örtüyü üzə çıxıb. Alimlər radiokarbon tarixləndirmə üsulu ilə bu bitkilərin nə vaxt öldüyünü və buzun altında qaldığını müəyyənləşdiriblər.

Nəticələr göstərir ki, Lavrenti buz təbəqəsi təxminən 3000 il əvvəl ən kiçik həddinə çatıb. Daha sonra, təxminən 2000 il əvvəl temperatur kifayət qədər soyuduğundan qalan buz yenidən genişlənməyə başlayıb. Yanq və həmkarları hesab edirlər ki, bu yenilənmiş böyümə Yerin növbəti buzlaşma dövrünün başlanğıcı kimi qəbul edilməlidir. Əgər iqlim istiləşməsi bu prosesi dayandırmasaydı, soyumanın nəzərə çarpması min illər, buz təbəqəsinin yenidən kontinental ölçülərə çatması isə təxminən 30.000 il çəkəcəkdi.

Qlobal istiləşmə buzlağın böyüməsini dayandırdı

1960-cı illərdə şərait elə dəyişdi ki, Barns buzlaq örtüyü yay aylarında qış qarlarının bərpa edə biləcəyindən daha çox buz itirməyə başladı. Gələcək iqlim modelləri göstərir ki, bu buzlaq qarşıdakı bir neçə əsr ərzində tamamilə yox ola bilər.

Nikolas Yanq vurğulayıb ki, bu qədim buzlaq qalığının tamamilə yox olması gələcək buzlaşma dövrlərinin inkişafını da dəyişəcək. Çünki mövcud böyük buz kütləsi yeni buzların toplanması üçün əlverişli şərait yaradır. Yanq əlavə edib: "Son dərəcə təbii və proqnozlaşdırıla bilən bir fenomen artıq yox olub."

Mənbə: ScienceDaily / Kolumbiya İqlim Məktəbi

Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov