Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cefri Saksa müsahibəsində bildirib.
"Fürsətdən istifadə edərək, bütün dünya xristianlarına, xüsusən də katolik konfessiyasının nümayəndələrinə müraciət etmək və bildirmək istərdim ki, Bakıda ikinci katolik kilsəsi tikilir. Birincisi artıq tam fəaliyyət göstərir, ikincisinin tikintisi isə Azərbaycan hökumətinin ianəsi hesabına həyata keçirilir. Ümid edirik ki, Roma Papası XIV Leonun özü bu kilsənin açılış mərasimində iştirak edə biləcək", - H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında sıx münasibətlər formalaşıb və səmərəli əməkdaşlıq qurulub: "Biz doğrudan da Papa XIV Leoya böyük hörmət bəsləyirik. Prezident İlham Əliyev onu Azərbaycana səfər etməyə dəvət edib. İki Roma Papası (II İohann Pavel 2002-ci il, Fransisk 2016-cı il - red.) Azərbaycanda səfərdə olub".
H.Hacıyev, həmçinin Vatikan ərazisindəki qədim xristian katakombalarının bərpasına töhfə vermək üçün Azərbaycana yaradılmış imkana görə Müqəddəs Taxt-Taca minnətdarlığını bildirib.
O vurğulayıb ki, rəsmi Bakı ardıcıl olaraq sivilizasiyalar dialoqunun tərəfdarı kimi çıxış edir və hesab edir ki, ölkə bu mövzuda beynəlxalq konfransın keçirilməsi üçün məkan ola bilər. Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycanın mühüm tərəfdaşlarından biri də Vatikandır.
Xatırladaq ki, kilsənin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, giriş 722 ünvanında yerləşən 0,17 hektar torpaq sahəsinin Azərbaycan Respublikasındakı Katolik Kilsəsinin istifadəsinə verilməsi haqqında 2024-cü il 1 may tarixli Sərəncam qəbul edilib.
Müqəddəs II İohann Pavel kilsəsinin tikintisi üçün torpaq sahəsinin verilm